Siyasət 14:51 14.03.2023

Bakı Qarabağın erməni icmasına nə təklif edir? - Zərdüşt Əlizadənin şərhi

"Danışıqlar gedirsə, deməli tərəflər hansısa bir razılaşma əldə olunacağına ümid edirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Bakının Qarabağın erməni icması ilə görüş və təmasların tərəflərə nə verəcəyini şərh edərkən deyib:
 
"Danışıqların gedişi ilə sonda razılaşma əldə ediləcək, sülhə doğru hansısa bir addım atılacaq. Hər şey tərəflərin sərgiləyəcəyi mövqedən asılıdır. Odur ki, hələlik görüş və onun nəticələrilə bağlı heç nə demək mümkün deyil. Öz-özlüyündə danışıqların getməsi müsbət haldır. Ölüm-itimdənsə danışıqlar daha yaxşı və faydalıdır. Danışıqlar gedirsə, deməli tərəflərin hansısa bir razılaşmaya ümidləri var ki, görüşürlər. Barışmaz düşmənçilik olsaydı görüşməzdilər”. 
 


Həmsöhbətimizə görə, Qarabağ ermənilərinin sonda Azərbaycana inteqrasiyası onların istəklərinin nə dərəcədə nəzərə alınacağından asılı olacaq:
 
"Tərəflər hansısa bir razılığa gəlmək istəyirsə, bir-birilərinin istəklərini nəzərə almalıdır”. 
 
Qeyd edək ki, Xocalıda Rusiya sülhməramlılarının vasitəçiliyilə Qarabağın erməni icması ilə rəsmi Bakı arasında baş tutan ilk görüşdən sonra, növbəti təmasların Bakıda keçirilməsini təklif edib. Bu müstəvidə də Qarabağın erməni icması nümayəndələri Bakıya dəvət ediliblər. 

Rüfət Sultan