Siyasət 09:14 23.02.2023

Bakı və İrəvanın razılaşdığı məxfi sənəd

Azərbaycan və Ermənistan arasında keçirilən Brüssel görüşlərində hazırlanmış sənədin mətni yayılıb.

Sənədi yayan Ermənistanda Respublika Partiyasının sədr müavini Armen Aşotyandır.

A.Aşotyanın yaydığı sənəd beş bənddən ibarətdir. Bakı və İrəvanın məsələyə rəsmi münasibəti olmasa da, Azərbaycanın tələbi və Brüssel formatında keçirilən görüşlərlə bağlı açıq mənbələrdə yayılan məlumatlar sənədin doğruluq payını artırır.

Sənəddə yer alan əsas məqamlar:

- Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyacaq;
- Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun həll olunacaq;
- Azərbaycan Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə dialoqa başlayacaq və Avropa İttifaqı bu prosesdə məsləhətçi tərəf kimi çıxış edəcək;

Əslində məxfi olan belə bir sənədin Armen Aşotyan tərəfindən yayılması Paşinyan hakimiyyətinə qarşı erməni ictimai rəyində etirazı körükləmək məqsədi daşıyır. Aşotyan Paşinyanın devirdiyi "Qarabağ klanı”nın üzvü, keçmiş prezident Serj Sarkisyanın müavinidir və istisna deyil ki, sənədi ictimaiyyətləşdirən elə Sarkisyanın özüdür. "Qarabağ klanı” hələ də klassik kartdan istifadə edərək, hakimiyyətə qayıtmaq istəyir. Hərçənd, 44 günlük müharibədən sonra Paşinyanın seçkilərdə yenidən qalib gəlməsi Ermənistan cəmiyyətində çoxluğun Azərbaycan torpaqlarının işğalda saxlanılmasına qarşı olduğu və bu işğalın ağır nəticələrinin təkrarlanmasını istəmədiklərini təsdiq etdi.

Yayılan sənədin mətni isə Bakının İrəvana təqdim etdiyi beş bəndlik sülh sazişi şərtlərinə uyğundur və Rusiya sülhəramlılarının müvəqqəti yerləşdiyi ərazilərin gələcək taleyini də müəyyənləşdirir.

- Ərazi bütövlüyünün qarşılıqlı tanınması Ermənistanın Qarabağı da Azərbaycan ərazisi kimi tanıması deməkdir;
- Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan Konstitusiyasına uyğun həll olunması onlar üçün Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun olmadığını təsdiq edir;
- "Azərbaycanın beynəlxalq öhdəlikləri” dedikdə, burada söhbət etnik azlıqların hüquq və təhlükəsizliyinin qorunmasından gedir ki, multikulturalizmə görə ölkəmiz dünyada əsas nümunələrdən biri hesab olunur: Azərbaycanda indiyə qədər heç bir etnik qrup, yaxud dini azlıq təzyiqə məruz qalmayıb, əksinə bütün qrupların hüquqları dövlət tərəfindən qorunub, Qarabağdakı erməni əhalisi üçün də eyni olacaq;
- Ən mühüm məqam Qarabağdakı erməni əhalisi ilə qurulacaq təmaslarda vasitəçi kimi üçüncü tərəfin iştirak etməməsidir, çünki bir dövlət vətəndaşı hesab etdiyi insanlarla danışıqları başqaları üzərindən aparmaz, Azərbaycan da bunu qəbul etmir: Aİ, sadəcə məsləhətçi və böyük ehtimalla, prosesə nəzarətçi qismində çıxış edə bilər;

Beləliklə, Qarabağdakı erməni əhalisi Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq alır və bu, Xankəndidəki separatçı-terrorçu rejimin ləğvi, eləcə də şəhərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsi deməkdir. Brüsseldə hazırlanan sənəd həm də Qərbin Azərbaycanın tələbləri ilə razılaşdığını göstərir.

Lakin Ermənistanın Brüssel formatından faktiki imtina etməsi bu razılaşmaların qüvvədə olub-olmadığı məsələsini də ön plana çıxarır. İrəvan Fransanı oyun daxil etməklə üçtərəfli görüşləri "dördtərəfli formata” çevirməyə cəhd etdi, Praqda keçirilən ilk və son görüşdən sonra Makronun ermənipərəst mövqeyini açıq şəkildə dilə gətirməsi, Bakının etirazı və "dördtərəfli görüş”dən imtinası ilə nəticələndi. Ermənistan da bundan istifadə edərək, Brüssel formatına qayıtmaq istəmir. Münhendə keçirilən son görüş isə Bakının istəyinə uyğun olaraq, təmasların üçtərəfli formatda davam etdiyini və Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların aktuallığını itirmədiyini sübut etdi.

Proseslərin inkişafı deməyə əsas verir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq, Qarabağdakı erməni əhalisi isə bölgədə yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul edəcək. Bunun alternativi yoxdur.

Asif Nərimanlı