Ölkə 15:10 13.03.2023

Bakıda tur rəhbəri işləmiş şəxs “müştərilər"in telefonunu oğurladı

Bakıda turizm şirkətlərində tur rəhbəri işləmiş şəxs "müştərilər”in telefonunu oğurladığı üçün həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Cabir (şərti) 2010-2014-cü illərdə Azərbaycan Turizm Universitetinin Turizm fakültəsində təhsil alıb, daha sonra bir müddət müxtəlif tur şirkətlərində tur rəhbəri işləyib. Həmçinin kirayə digər turlara, rayonlara gəzinti üçün getmək istəyən şəxslərə icarəyə avtobuslar təşkil ediv. 

Bu səbəbdən həftənin şənbə və bazar günləri səhər saatlarında Gənclik metrostansiyasının yaxınlığında rayonlara turların təşkil olunduğunu və həmin ünvanda toplaşma olduğunu bildiyi üçün müştərilərdən oğurluq etmək fikrinə düşüb. 

O, buna görə səhər saat 06.00 radələrində Gənclik metrostansiyasının qarşısına gedib. Orada tanımadığı tur şirkətinə məxsus avtobusun olduğunu görüb, 40 manat müqabilində vətəndaşların yerləşdirilməsinə köməklik etməyə başlayıb. 

Həmin gün Günel adlı xanımdan danışmaq adı ilə "İphone 14 Pro" markalı mobil telefonunu alaraq oğurlayıb. 

Cabir eyni əməli Nərimanov rayonu, F.X.Xoyski 79 ünvanında yerləşən "Badamlı” binasının qarşısında tur vasitəsi ilə Xaçmaz rayonuna getməyə hazırlaşan İslam adlı idmançıya qarşı da törədib. O, özünü tur rəhbəri kimi təqdim edərək, İslamın "İphone Max” markalı mobil telefonunu ələ keçirib və oradan uzaqlaşıb. 

Məhkəmənin qərarı ilə Cabir 2 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Cəzaçəkməsinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanıb.

Əhməd