Ölkə 12:13 09.10.2022

Bakıda yaşayış binasındakı partlayışın təfərrüatı məlum oldu (YENİLƏNİB)

Ötən gecə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.

Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09.31
 
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.

"Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov bildirib.

"Hadisə Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğın 13 kvadratmetr ərazini əhatə edib”, - FHN rəsmisi qeyd edib.

"Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir xəsarət qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşların yerə düşməsi zamanı 2 nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, xəstəxanaya aparılıb”, - İ.Nəsibov vurğulayıb.

O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: "Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb".

Hadisənin başvermə səbəbi araşdırılır.