Ölkə 18:28 09.01.2023

Barəsində cinayət işi açılan direktor müavini ilə bağlı qərar

Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının iddiası ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Lalə Novruzova məhkəmədən Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c” bəndinə əsasən, işdən kənarlaşdırılmasına dair qərarın ləğv edilməsini tələb edib. 

Bildirib ki, barəsində olan cinayət işi direktor müavini vəzifəsinin icrası ilə əlaqədardır. Cavabdeh təşkilatın onu müəllim vəzifəsindən kənarlaşdırması 40 illik müəllimlik fəaliyyətinə qarşı haqsızlıqdır. Ona görə də İsmayıllı Regional Mədəniyyət İdarəsinin 20 oktyabr 2022-ci il tarixli əmrini qanunsuz və ədalətsiz hesab edir, əmrin ləğv edilməsini və onun əvvəlki iş yerinə bərpa olunmasını tələb istəyir.

Lakin direktor müavinin iddiasının əsassız olduğu bildirilib. Qeyd edilib ki, Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri barədə qanunvericiliyə uyğun olaraq, aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim edilib. Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Lalə Novruzovanın cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

Sözügedən cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində başlanılmaqla həmin idarənin 24 iyun 2022-ci il tarixli qərarı əsasında iddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

Bu səbəbdən İsmayıllı Rayon Məhkəməsi qərar verib ki, Lalə Novruzovanın "əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin olunmasın.

Əhməd