İdman 12:40 16.02.2023

"Barselona" Hakimlər Komitəsi rəsmisinə 1.4 milyon rüşvət verib? - Araşdırmalar başladı

İspaniyanın Maliyyə Nazirliyi "Barselona"ya qarşı araşdırmalara başladı

"Barselona"nın 2016-2018-ci illər arasında İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Şurasının vitse-prezidenti vəzifəsində çalışmış Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə 1,4 milyon avro ödədiyi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, Xose Maria Enrikes Neqreyraya məxsus "DASNIL 95 SL" şirkətinin vergi vəziyyəti ilə bağlı Maliyyə Nazirliyinin başlatdığı istintaqa prokurorluğun da cəlb olunduğu bildirilib. İspaniya mətbuatının məlumatına görə, şirkətin 2016-2018-ci illər arasında "Barselona"dan cəmi 1,4 milyon avro aldığı, lakin bunu sənədləşdirə bilmədiyi iddia edilib.

"Catalunya SER" radiosuna danışan və prokurorluğa bənzər açıqlamalar verdiyini izah edən şirkət sahibi "Barselona"ya şifahi məsləhət xidmətləri göstərdiklərini, hər zaman qərəzsiz davrandıqlarını və Kataloniya klubunun xeyrinə bir məlumat axınının olmadığını söyləyib. 2014-2020-ci illərdə Barselona təmsilçisinin prezidenti olmuş Xosep Mariya Bartomeu eyni radioya açıqlamasında şirkətə ödənişlərin ən azı 2003-cü ildən edildiyini bildiyini və klub xərclərini azaltmaq üçün bu ödənişlərin 2018-ci ildə ləğv olunduğunu deyib. 

"Barselona"nın prezidenti Xuan Laporta isə mövzu ilə bağlı "Bu xəbərlərin indi çıxması təsadüfi deyil" deyə yazılı açıqlama verib. Laporta qeyd edib ki, lazım gələrsə, klubun mənafeyini və şərəfini qorumaq üçün qanuni addımlar atacaqlar.

Səbuhi Həsənov