İdman 23:46 30.05.2023

"Barselona"nın oyunçusunun saatını qolundan oğurladılar

"Barselona"nın basketbol komandasının türkiyəli oyunçusu Sertaç Şanlının saatı oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, xoşagəlməz hadisə oyunçu ailəsilə restoranda olarkən yaşanıb. Şanlı və həyat yoldaşı restoranın çıxışında dostları ilə vidalaşdıqdan sonra taksiyə minərkən onların arxasınca qaçan iki nəfərdən biri basketbolçunun qolundan saatı götürüb daha sonra sürətlə oradan uzaqlaşıblar. Hadisədən dərhal sonra araşdırmalara başlanılıb.

Şanlı açıqlamasında hadisədə fiziki qarşıdurma olmadığını və vəziyyətlərinin çox yaxşı olduğunu bildirib:

"Həyat yoldaşımla restoranda nahar etdikdən sonra xoşagəlməz bir hadisə ilə qarşılaşdıq. Dostlarımızla sağollaşandan sonra taksiyə minəndə oğrular sürətlə arxamızca gəlib qolumdakı saatı aldılar. Bunun necə baş verdiyini anlaya bilmədik. Fiziki toqquşma olmadı, zərbə almadıq. Mən və həyat yoldaşımın səhhəti, durumumuz yaxşıdır”.

Səbuhi Həsənov