Dünya 16:04 19.08.2022

Bayden Ukraynaya 800 milyonluq əlavə hərbi yardım paketi hazırlayır

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya təqribən 800 milyon dollar məbləğində əlavə hərbi yardım paketi hazırlayır. Bu barədə bu gün və ya gələn həftənin əvvəlində rəsmən açıqlama veriləcək.

Qaynarinfo xəbər verir ki, "Reuters” xəbər agentliyi məsələ ilə tanış olan üç şəxsə istinadən məlumat yayıb

Agentliyin həmsöhbətləri bildiriblər ki, Bayden ABŞ ehtiyatlarından artıq olan silahların göndərilməsi üçün prezident səlahiyyətindən istifadə edərək yardıma icazə verir. Onlar qeyd ediblər ki, tədarükün həcmi komplektləşmə davam etdikcə dəyişə bilər.

Xatırladaq ki, avqustun əvvəlində Vaşinqton Kiyevə əlavə 4,5 milyard dollar maliyyə yardımı və 1 milyard dollarlıq hərbi dəstək paketi elan edib. Bununla da, Rusiyanın işğalından sonra ölkəyə ümumi büdcə dəstəyi 8,5 milyard dollara çatacaq.

Ukraynaya əvvəlki hərbi yardım paketinə HIMARS, NASAMS döyüş sursatı, artilleriya, minaatan, tank əleyhinə sistemlər, minalar və partlayıcı maddələr, tibbi zirehli maşınlar və səhra həkimləri üçün avadanlıqlar daxil edilib.

Nizami Bağırov