Video 11:25 26.05.2023

Bayden yeni Baş Qərargah rəisinin adını açıqladı (VİDEO)

ABŞ prezidenti Co Bayden ABŞ Baş Qərargah rəisinin dəyişdirildiyini rəsmən açıqlayıb. Mark Millini general Çarlz Braun əvəz edəcək.

Qaynarinfo xəbər verir ki, cümə axşamı, mayın 25-də çıxışı zamanı o, Milliyə və ailəsinə Birləşmiş Ştatlarda uzunmüddətli xidmətlərinə görə təşəkkür edib. 

"Sədr kimi siz ordumuzu dünyanın uzun müddət ərzində üzləşdiyi ən çətin təhlükəsizlik mühitindən keçirdiniz. Biz NATO-dan Hind-Sakit okean hövzəsinə qədər ittifaqlarımızı gücləndirdik və yeni tərəfdaşlıqlar yaratdıq”, - deyə Bayden bildirib.

O, ABŞ Baş Qərargahının rəhbəri vəzifəsini tərk etdikdən sonra da Milli ilə əməkdaşlığı davam etdirməyi gözlədiyini açıqlayıb.

"Ona görə də bu gün mən Birləşmiş Qərargah Rəisləri Komitəsinin növbəti sədri vəzifəsinə öz namizədimi, general Çarlz Kuinton kiçik-Braunu təqdim etmək şərəfinə nail oldum”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Mark Milli 2019-cu ildən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsində çalışır. Onun mandatı 2023-cü ilin payızında başa çatır.
Eyni zamanda, Kuinton Konqresin onun namizədliyini təsdiqlədikdə, ABŞ Baş Qərargahının yeni rəhbəri olacaq.

Çarlz Braun 1962-ci ildə anadan olub. O, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin 22-ci Qərargah rəisidir.

Ağ Ev general Braunun Ukraynaya hərbi yardım göstərməsində mühüm rol oynadığını və ABŞ və Çin arasında münasibətlərin qurulmasında təcrübəyə malik olduğunu bildirib.

Əvvəllər o, Sakit okean Hərbi Hava Qüvvələrinin komandiri, ABŞ-ın Hind-Sakit okean Komandanlığının aviasiya komandiri və Sakit okean Hərbi əməliyyatlar qərargahının icraçı direktoru vəzifələrində çalışıb.

26 iyul 2018-ci ildə ona ABŞ generalı rütbəsi verilib.

Nizami Bağırov