Dünya 17:17 22.12.2022

Bayden-Zelenski görüşü: “Rəsmi bəyanatda fərqli fikir deyilə bilər, lakin...” (ŞƏRH)

"Ukraynada müharibənin sonunun necə olacağı barədə müxtəlif fikirlər səslənir. Rusiya raket zərbələrilə Ukraynanın infrastrukturunu dağıdıb. Eyni zamanda, hərbi əməliyyatın spesifikasının dəyişdiyini görürük. Əsas məsələ Qərbin hansı mərhələyə qədər Ukraynanı dəstəkləməyə hazır olması ilə bağlıdır. Bu məsələdə də vahid mövqe yoxdur. Digər aktual mövzu Rusiyanın post-müharibə dövründə daxili vəziyyətinin necə olacağı ilə bağlıdır. Hesab edirəm ki, indiki mərhələdə Zelenskinin səfəri fonunda müzakirə olunan, amma ictimaiyyətə çatdırılmayan mövzular bunlar olub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfəri və burada Prezident Co Baydenlə olan görüşünü şərh edərkən deyib.
 


"Bayden və Zelenskinin görüşü əsnasında ABŞ-ın Ukraynanı dəstəkləməkdə davam edəcəyi bəyan edildi. Bu, çox vacibdir. Ukrayna üçün əsas məqsəd ərazi bütövlüyünün bərpasıdır. Ukraynanın cəbhədə daha fəal olması alacağı silahlardan asılıdır. Amma onun infrastrukturunun dağılması imkanlarının da daralması deməkdir. İndiki vəziyyətdə Ukrayna Qərbdən daha çox asılı vəziyyətə düşüb. Hələlik sanksiyalarla Rusiyanın hərbi, siyasi, iqtisadi baxımdan tam iflasına nail olunmayıb. Çox şey Qərbin Rusiyanın ciddi şəkildə zəiflədilməsi, yoxsa onun dağılmasını istəməsindən asılıdır. Bu suallara hələ ki, cavab yoxdur”, - sabiq nazir vurğulayıb.

T. Zülfüqarov bildirib ki, ola bilsin səfər fonunda Vaşinqtonun Moskva ilə İstanbulda apardığı müzakirələrin bəzi nəticələri Zelenskiyə təzyiq kimi də göstərilib:

"Burada ən maraqlısı, tam siyasi dəstək fonunda keçirilən tədbirlərdən sonra Zelenskiyə nə deyildiyi məsələsidir. Rəsmi bəyanatda fərqli fikir deyilə  bilər. Ukraynanın Qərbdən asılılığı daha da artır. Bu mənada Qərb Kiyevi İstanbul görüşündə əldə olunan nəticələri qəbul etməyə məcbur edəcək”. 

Rüfət Sultan