Dünya 12:28 02.06.2023

Baydendə Putinin qırmızı xətlərini keçmək "iştahası" yaranıb - WP

Ukraynaya silah satışının dünya müharibəsinə səbəb olacağı xəbərdarlığına baxmayaraq, ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə həm risk, həm də mükafat gətirən strategiyayla meydan oxumaqda davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ hökumət mənbələrinə istinadən yazır.

ABŞ rəsmiləri Putinin təhdidlərinə məhəl qoymamağın əsas səbəbini Rusiya prezidentinin Ukraynaya silah verdiyinə görə Qərbi cəzalandırmaq vədlərinə sadiq qalmaması ilə izah edirlər. Onun blefi ABŞ və Avropa liderlərini ciddi nəticələri olmadan bunu davam etdirə biləcəklərinə inandırıb.

ABŞ rəsmiləri qeyd edirlər ki, eskalasiya risklərinin idarə edilməsi Bayden və onun xarici siyasət müşavirləri üçün müharibənin ən çətin aspektlərindən biri olaraq qalır. Ukraynaya hansı yeni silah sistemlərinin veriləcəyinə qərar verərkən, onlar dörd əsas amil üzərində cəmləşirlər:

1. Onların buna ehtiyacı varmı?
2. Onlar bundan istifadə edə bilərlərmi?
3. Bundan bizdə varmı?
4. Rusiyanın cavabı necə olacaq?

Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiyadan cavabın olmaması, administrasiyanı və ABŞ müttəfiqlərini Ukraynanı dəstəkləmək üçün daha çox işlər görməyə çağıran Baydenin əsas sirdaşlarından biri olan dövlət katibi Entoni Blinkenin risk hesablamasına təsir edib.

Ağ Evdəki mənbə bildirib ki, Blinken kimi Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da Ukraynanı daha güclü silahlarla təmin etməyin faydalarının eskalasiya risklərindən üstün olduğuna inanır və Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün avropalı müttəfiqlərlə fəal əməkdaşlıq edir. 

ABŞ rəsmilərinin fikrincə, Putinin Qərbə zərbə endirmək istəməməsinin mümkün izahı kimi Rusiya ordusunun vəziyyətinin pisləşməsini göstərmək olar.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukraynaya genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiyanın 250 minə qədər (ölü və yaralı) hərbçi itirdiyinə diqqət çəkir və bu, istənilən münaqişə üçün heyrətamiz itkidir. Putin isə onları nizam-intizamı zəif olan, zəif təlim keçmiş və zəif təchiz olunmuş ehtiyatda olan hərbçilərlə əvəz edir.

"Şübhəsiz ki, Bayden administrasiyasının Putinin qırmızı xətlərini keçməyə hazır olması Ukraynanın özünü müdafiə etmək və şərq və cənubda ərazilərini geri almaq qabiliyyətini gücləndirib. Bununla belə, Putinin Qərbin onun təhdidlərinə cəzasız qalaraq məhəl qoymamasına dözməkdə davam edib-etməyəcəyi hələ də qaranlıq olaraq qalır", - məqalə müallifləri yekunlaşdırır. 

Nizami Bağırov