Siyasət 14:19 09.11.2022

Baydenin “qara günləri” başlayır - Azərbaycana münasibət necə olacaq?

ABŞ-da noyabrın 8-də keçirilən aralıq seçkilərlə bağlı Bakı vaxtı ilə səhər saatlarına olan vəziyyət Respublikaçıların prosesdən qələbə ilə çıxdıqlarını göstərir. İlkin nəticələrə görə, Nümayəndələr Palatasına seçkilərdə Demokratlar 97 yer, Respublikaçılar isə 151 yer qazanıb. Bu isə o deməkdir ki, əvvəlki seçkilərlə müqayisədə Demokratlar 4 yer itirsələr də, Respublikaçılar əksinə daha 2 yer qazanıblar. Senata seçkilər də Respublikaçıların üstünlüyü ilə keçib. Belə ki, Demokratlar 41 yer, Respublikaçılar isə 44 yer qazanıb. Digər iki yeri isə bitərəflər tutub.

Qaynarinfo-ya açıqlamasında aralıq seçkinin nəticəsini dəyərləndirən politoloq Natiq Miri bildirib ki, prosesdən sonra Nümayəndələr Palatası və Senatda yarıdan çox üstünlük Respublikaçıların əlinə keçirsə, artıq Co Baydenin bir prezident olaraq fəaliyyəti sadəcə formal xarakter daşıyacaq:

"Çünki istənilən layihə, təşəbbüs Konqresdə əngəllərə tuş gələcək ki, burada da prezident institutu gücsüzdür. Ona görə də Baydenin bundan sonrakı fəaliyyətini sadəcə olaraq, "papağını günə yandırmaq” kimi dəyərləndirmək olar”. 
 


Həmsöhbətimiz düşünür ki, Konqresdəki bu dəyişiklikdən sonra Vaşinqtonun İrana münasibəti daha sərt şəkildə davam etdiriləcək:

"Donald Tramp yenidən prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bu baş verərsə, onun qələbəsi yüksək dəyərləndirilir. Respublikaçıların isə yəhudilərlə əlaqəsi çox güclüdür. Bütün bunlar onu deməyə əsas verir ki, seçkilərdən sonra yaranan qüvvələr nisbətində adminstrasiyanın Tehrana münasibəti daha sərt şəkil alacaq”. 

Politoloq onu da qeyd edib ki, Respublikaçıların Azərbaycana münasibəti hər zaman müsbət olub:

"Tramp belə Azərbaycana müəyyən simpatiyası olan prezident kimi yaddaşlarda qalıb. Ona görə də, yeni qüvvələr nisbətində Konqres tərəfindən Azərbaycana yönəlik hansısa sərt addımların atıla biləcyini istisna edirəm. Regionumuzda istənilən qlobal güc var olmaq istəyirsə, mütləq mənada Türkiyə və Azərbaycanla normal münasibətlər sistemi qurmalıdır. Düşünürəm ki, Respublikaçılarla bunu etmək daha asan olacaq. Respublikaçılar Azərbaycan əleyhinə ola biləcək davranışlarla bağlı sərt layihələrin keçməsinə imkan verməyəcək”. 

Rövşən Həsənov