32"Düşünmürəm ki, Belarus bir ilin tamamında müharibəyə qatılsın. Aleksandr Lukaşenko real vəziyyəti gözəl bilir. Onun son açıqlamalarında verdiyi mesajlar da Rusiyanın müharibədə qalib gəlmə imkanlarının olmadığını başa düşməsinə işarədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov yanvarın 16-dan fevralın 1-dək Minsk və Moskvanın Belarus ərazisində birgə taktiki uçuş təlimləri keçirmələrini şərh edərkən deyib. Ekspert bildirib ki, Minsk manevr edir:
"Belarus ərazisindən Ukraynaya hücum olmayacaq. Lukaşenko bu riskə getməz. Onun belə bir qərar verməsi Belarusda güc strukturlarının çaxnaşması ilə nəticələnə bilər. Bu səbəbdən də Lukaşenko belə bir avantüraya qərar verməyəcək”.
Həmsöhbətimizin fikrincə, keçirilən birgə təlimlər Rusiyanın öz zabit və əsgər heyətinin peşəkar hazırlığa, peşəkar vərdişlərə ciddi ehtiyacın olmasından qaynaqlanır. Ekspertə görə, Belarusda keçiriləcək təlimlər də məhz bu məqsədə hesablanıb:
"Moskvada gözəl bilirlər ki, Ukrayna ordusu üçün dünyanın 10-dan çox ölkəsində artileriyaçı, tankçı, pilotçular hazırlanır. Rusiya ordusu hərbçilərinin isə bu mənada müəyyən bacarıqlara sahib olmaları üçün Belarusdan başqa tutacaqları yer yoxdur. Amma onlar heç bir halda heç nəyə nail olmayacaqlar. Çünki ordusundakı peşəkarların üçdə ikisini itiriblər. İndi nəyisə bərpa etmək üçün milyon adam toplasalar da, hazırlıqları olmayacağı təqdirdə onlar sadəcə "ət maşını" rolunu oynayacaqlar”.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu ölkə Rusiya birgə taktiki-uçuş təlimləri keçirməyi planlaşdırıb. Təlimlər yanvarın 16-dan fevralın 1-dək keçiriləcək. "Bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Kosmik Qüvvələrinin aviasiya komponenti Belarus Respublikasına gəlib", deyə məlumatda deyilir.
Nazirlikdən o da bildirilib ki, təlimlərə Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları, poliqonları cəlb olunacaq.
Rüfət Sultan
Şərhlər