Dünya 15:40 16.02.2023

Belarus Ukraynaya qarşı müharibəyə hansı halda başlaya bilər? - Lukaşenko açıqladı

Belarusun prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarus ordusu yalnız Belarusa birbaşa hücum edəcəyi təqdirdə Rusiya ordusu ilə müharibəyə qoşulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarusun "Belta” dövlət agentliyi məlumat yayıb.

"Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə girib insanlarımı öldürməyə gəlsə. Belarusa qarşı təcavüz olsa, cavab çox ağır olacaq. Və müharibə tamamilə başqa xarakter alacaq”, - Belarus lideri bildirib.

Lukaşenko vurğulayıb ki, bu, təkcə Ukraynaya deyil, digər qonşulara da aiddir.

O, Ukraynanın Qərbin təhrik etdiyi müharibəni başlamaq üçün sadəcə bəhanə olduğuna əminliyini ifadə edib. "Siz Rusiyanı günahlandırırsınız. Siz polyakların əli ilə Ukraynanı parçalamaq istəyirsiniz", - o deyib. 

Belarusdan təcavüzün mümkünlüyü sualına qayıdan Lukaşenko bir daha təkrar edib: "Biz dinc insanlarıq. Biz müharibənin nə olduğunu bilirik. Heç bir halda qoşunlarımızı Ukrayna ərazisinə göndərmək fikrində deyilik. Əgər oradan Belarus ərazisinə təcavüz olmasa. Cavabım budur, bu, çoxdan deyilib”.

Lukaşenko həmçinin xatırladıb ki, Rusiya Belarusun müttəfiqidir, ölkələrin birgə hərbi qruplaşması var. O əmin edib ki, buna baxmayaraq, Rusiya heç vaxt Belarusdan Ukraynaya qarşı müharibəyə başlamağı tələb etməyib. 

Lukaşenko öz kəşfiyyat məlumatlarını açıqlayaraq bildirib ki, Qərb Belarusu müharibəyə cəlb etmək istəyir və sözün əsl mənasında bu barədə xəyal edir. Bu da öz növbəsində Belarusun sərhədlərinin uzunluğunu nəzərə alaraq cəbhəni daha 2,5 min kilometr uzadaraq Belarus və Rusiya qoşunlarının vəziyyətinin çətinləşdirməyə imkan verəcək.

"Düzgün hesablamadır. Amma boş, mənasızdır. Biz sizə bu şansı verməyəcəyik. Amma torpağımıza ayaq basmağa cəsarət etsəniz, cavab dəhşətli olacaq. Qərblilər bunun necə və hansı silahlarla olacağını bilirlər", - Lukaşenko deyib.

Lukaşenko həmçinin bildirib ki, Belarus ordusunun sülh dövründə 75 min əsgəri var, lakin lazım gələrsə, onun gücünü yarım milyona çatdırmaq olar. "Müharibə heç kimə lazım deyil. Nə qədər ki, bu gün bu təcavüzün genişlənməsi baş verməyib, gəlin sülh danışıqlarını aparaq", - Belarusun dövlət başçısı çağırış edib.
Eyni zamanda Lukaşenko vurğulayıb ki, Qərbə və Ukraynaya sülh danışıqları yox, müharibə lazımdır. "Siz nəinki hazır deyilsiniz, sülh danışıqları indi başlasa, bu sizin üçün dəhşətli faciə və fəlakət olardı. Siz müharibə lazımdır", - o deyib. 

Bundan əlavə, Lukaşenko müharibə təhlükəsi yaranarsa, ölkə qanunlarına uyğun olaraq səfərbərlik elan edə biləcəyini bildirib. "Bu, sənədlərdə yazılıb, onlar sirr deyil. Əgər müharibə təhlükəsini hiss etsək, səfərbər olacağıq. Hələlik belə bir təhlükə yoxdur", - o vurğulayıb.

O, "sülh istəyirsənsə, müharibəyə hazırlaş” ifadəsini təkrarlayıb. "Ona görə də, əgər sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Rəqibin isə onun hazır olduğunu başa düşməlidir", - Lukaşenko əlavə edib.

Nizami Bağırov