Dünya 18:40 11.10.2022

Belarus Ukraynaya savaş elan edəcəkmi? (ŞƏRH)

Son günlər Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna əleyhinə kəskin fikirlər səsləndirməyə başlayıb. Minsk bu fonda Kiyevi az qala Belarusa qarşı müdaxiləyə hazırlaşmaqda ittiham edir. Rusiyanın Ukraynada uğur əldə edə bilməməsi istər-istəməz Kreml sahibini əməlli-başlı qəzəbləndirib. Bu qəzəbin nəticəsidir ki, Krım körpüsünün partladılmasına cavab olaraq, Rusiya Ukraynanın bütün iri şəhərlərini raket atəşinə tutmağa başlayıb. Nəticədə xeyli sayda dinc əhali də həlak olub. 

Belarusla Rusiya isə müştərək ordu birləşmələri yaratmaq barədə razılığa gəlib. Həmçinin, Lukaşenko Kiyevi Belarusa qarşı hücuma hazırlaşmaqda ittiham edir. Ukraynanın Belarusla sərhədi minalaması Minski bu qənaətə gəlməyə sövq edib. Aydın məsələdir ki, müharibədə dönüş yarada bilməyən Rusiya, müttəfiqi Belarusu da prosesə cəlb etməklə Ukrayna hərbi qüvvələrinin iki yerə bölünməsi və beləliklə də Moskvaya qarşı duran hərbi qüvvələrin zəiflədilməsinə nail olmaq istəyir. 

Bu fonda Kreml öz ambissiyasına çatmaq üçün Belarusu da müharibəyə sürükləyir. 

Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov yaxın prosesdə Belarusun da Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulacağını düşünür:



"Belarus əslində bu və ya digər dərəcədə münaqişənin içindədir. Sadəcə olaraq hələlik Rusiya tərəfindən rəsmi şəkildə münaqişəyə qoşulmayıb. Amma proses onu göstərir ki, vəziyyət Minskin də müharibəyə cəlb edilməsinə doğru gedir. Belarus Ukraynada Rusiya ilə çiyin-çiyinə vuruşmaq üçün bəhanələr axtarır. Proses onu deməyə əsas verir ki, artıq Belarus da Rusiya tərəfindən müharibəyə qoşulmağa məcbur edilir. Rusiya qoşunları cəbhədə uğursuzluğa düçar olduqca, Belarusun də müharibəyə qoşulma ehtimalı daha da güclənir. Müəyyən mərhələdən sonra Belarus da müharibəyə qoşulacaq. Yaxın zamanlarda bunun şahidi ola bilərik. Çünki Rusiyanın uğursuzluğu Belarus prezidenti üçün də uğursuzluq anlamına gələcək. Ona görə də Rusiyanın müharibədə dönüş yaratması üçün heç şübhəsiz Minsk də müharibəyə cəlb olunacaq”.

Minskin savaşa qoşulmasının müharibənin gedişinə təsir edib-etməyəcəyinə gəlincə, həmsöhbətimiz qeyd edir ki, bu daha çox Belarusun prosesə hansı mərhələdə qoşulmasından asılıdır:

"Rusiya qoşunları tamamilə zifələyib əldən düşən anda qoşulacaqsa, bu müharibədə heç bir dönüş yaratmayacaq. İndiki məqamda Belarusun müharibəyə cəlb olunması isə prosesə təsir edəcək. Amma bu təsir də qısa müddətli olacaq. Qərbin dəstəyilə Ukrayna qoşunlarının özünü toparlayıb, Belarusdan gələn təhlükənin qarşısını almağa istiqamətlənməsilə vəziyyət düzələcək”. 

Rüfət Sultan