Dünya 17:19 07.12.2022

Belarusda dövlətə xəyanətə görə ölüm cəzası tətbiq oluna bilər

Belarus parlamentinin aşağı palatası dövlət vəzifəsini tutan şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Belarus Cinayət Məcəlləsinin 356-cı maddəsinə dəyişiklik edilməsi təklif edilir. Belarusun mövcud qanunvericiliyinə görə, dövlətə xəyanət 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"Qanun layihəsində dövlət vəzifəsini tutan vəzifəli şəxs və ya hərbi qulluqçu statusu daşıyan şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzası şəklində müstəsna cəzanın tətbiqi imkanının təqdim edilməsi təklif edilir”, -  Belarus parlamentinin aşağı palatasının Telegram kanalında bildirilir.
 
Parlamentarilərin fikrincə, qanun layihəsi "dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə” nümayiş etdirməyə imkan verəcək və "dağıdıcı ünsürlərə qarşı məhdudlaşdırıcı təsir” göstərəcək.

Belarus Avropada ölüm cəzasının tətbiq olunduğu yeganə ölkədir. 1996-cı ildə keçirilən referendumda belaruslar edam cəzasının qalmasına səs veriblər. Bu tədbiri səsvermədə iştirak edənlərin 80,5 faizi dəstəkləyib. Məhkəmənin hökmü odlu silahla icra olunur. Ölüm cəzası qadınlara, yetkinlik yaşına çatmayanlara və 65 yaşdan yuxarı kişilərə tətbiq edilə bilməz.

2021-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm hökmünün ləğvi ilə bağlı ayrıca ümumxalq səsverməsinin keçirilə biləcəyini bildirib.

Nizami Bağırov