Nazlı Ağayeva
Ölkə 13:37 20.06.2020

Beş yetimlik daxmanın tüstüsü

Nazlı Ağayeva

Bu hekayətdə olub, artıq həyatda olmayan iştirakçıların əziz ruhları qarşısında baş əyirəm. Qalanlar da şahidim olsunlar... 

Ötən ilin bu vaxtlarında bazarın əl məhsulları satılan yerindən adımı çağıran nurani bir qadın məni qucaqlayıb kövrəldi. Daim soraqlaşdığını, xeyir-dua etdiyini söylədi. Altdan iki-üç banka mürəbbə çıxardıb səliqə ilə yanıqdan ləkə-ləkə olmuş əlləri ilə qablaşdıranda "başqa vaxta qalsın”, deyib yola vermək istədim. Qadın maraqla bizi izləyən digərlərinə "gördünüz, heç tanımır da, allah bilir neçə mənim kimi çarəsiz anaya dayaq olub”, - dedi. Ayaqüstə güclə dayanan mən və dayaq... Hər nə olubsa, o qədər  böyütməməsini xahiş edib tanıya bilmədiyimə görə üzr istədim. Ani fikrə gedib ağır-ağır dilləndi:
– O gecə heç üzümü görə bilmədin ki...

*

Çox illər əvvəl sovetin sovet vaxtı yerli qəzetdə rəsmən qışda ocaqçı, yayda xadimə ştatı ilə ictimai əsaslarla müxbir işlədiyim zamanlardı. Bir qış günü hansısa kolxozun hesabat yığıncağını işıqlandırmağa gedən əməkdaş Bibixanım İsayeva redaksiyaya qanıqara qayıtdı. Redaktorumuz Əziz Əzizov demokratik adamdı, başına toplaşıb istənilən məsələni çəkib-çevirərdik. O gün onun otağında Bibixanım tükürpədən bir əhvalat danışdı. Hər kəsi donduran sükütü redaktor pozub mənə işarə etdi ki, bu məsələ "şairlikdi”. Bibixanım da içəri keçəndə qulağıma mənə mövzu gətirdiyini pıçıldamışdı. 
İkisinin etimadı ilə ertəsi gün redaksiyanın "Niva”sı ilə hadisə yerinə getdim. Qışın qışında uçuq daxmaya girərkən əvvəl ayaqlarım üşüdü. Gördüyüm mənzərədən isə bütün bədənim dondu. Qarın addım məsafəsində bir-birinə yapışmış beş uşaq gözlərini sürücümüz Əlibala dayı ilə mənə zilləmişdi. Dəlmə-deşik nazik peçdən tüstü demək olar ki, birbaşa otağın içinə yayılırdı. Tüstü bəhanəsi ürəyimi gözlərimə boşaldıb, nəhayət ən böyükləri ilə söhbətə başladım. Valideynlərini son iki ildə itiribmişlər. Sevərək evlənən nakam cütlüyün heç biri qırxı adlaya bilməyib. Onlardan qalan beş yetimlə bu daxma olub. 

Və mən bir yazı yazdım... O zamanlar Qəbələnin "raykomu” - başçısı ixtisasca jurnalist Ramiz Əhmədov idi. Ölkənin rəsmi dövlət qəzetinin redaktoru işləmiş nüfuzlu kommunist... Qəzeti oxuyar-oxumaz məni çağırdı. Ogünkü görüş uzandığından yoldaş Əhmədov nahara getmədi. Utanaraq yazıram ki, raykom o gündən Əziz Əzizovun yetişdirməsi olan "xadimə-ocaqçı” məni yetim uşaqlarla bağlı görüləcək tədbirlərin rəhbəri elan etdi. 
Təzə ev tikilənə qədər mən iş icraşısı kimi bir şey oldum. O xudmani evin aurası o qədər gözəl idi ki! O ev bizim redaksiyanın layihəsi idi, sadəcə, dediyim kimi icraçı mən oldum. O uşaqlara "Nazlının yetimləri” deyirdilər, əslində bütöv redaksiyanın övladları idilər, sadəcə həyəcan təbilini vurmaq mənim öhdəmə düşmüşdü. Əlbəttə, Ramiz Əhmədovun operativ reaksiyası olmadan biz çox az şeyə nail olardıq. Və illər sonrası düşünürəm, nəinki Ramiz Əhmədov və digərləri can-başla o işə qoşulaydı, heç bizim də o məsələdən xəbərimiz olmayaydı...  

Çünki o gözəl balkonlu təzə ev nağıllardakı xoşbəxtliyə ünvan ola bilmədi. Artıq ailəmizin üzvünə çevrilmiş o uşaqların böyük bacısı dəyişməyə başladı. Bəlkə elə dəyişiklik idi, biz onu elə görmək istəməmişdik. Axır ki, hər kəsin əli üstlərində ola-ola idarə qapılarında düşüb qalırdı. Raykomun və mənim adımızdan cürbəcür tələblər qoyub istədiyini qopardırdı. Bununla kifayətlənsəydi, dərd yarıydı. Yersiz bəhanələr uydurub günlərlə itirdi. Vəziyyət nəzarətdən çıxmışdı. Ramiz Əhmədov artıq yox idi, mənə də nə qədər güzəşt ediləcəkdi ki? Həmin o "xilasetmə” aksiyasında iştirak edən xeyirxahlardan, haqlı-haqsız özü acılayıb şikayətçi olduğu kəndçilərindən xəcalət çəkirdim. Yalnız mən deyil, evin uşaqları da o hərəkətlərdən utanırdılar. 

...Müharibənin alovlanan vaxtı ailənin böyük oğluna çağırış gələndə ailə vəziyyətinə görə komissarla çox dartışdıq. Kiçiklər böyük bacının himayəsindədir, deyib uşağı birbaşa döyüş zonasına göndərdilər. O aralarda bir şənbə günü məni işə çağırdılar. Hər kəs yığışmışdı. Redaksiyamızın mənəvi anası Xədicə xala qırıq kəlmələrlə dedi ki, o uşaq şəhid olub...  

Silah anbarı partlayıbmış. Otuz-qırx nəfər tanınmaz hala düşüb. Hərbi komissar elə məlumat verdi. "İstəyirsiz maşın təşkil edək” deyəndə üzünə necə baxdımsa kirimişcə arayışı qarşıma qoydu. Evdən Bakıya getmək bəhanəsilə çıxmaq istəyirdim. Anam gözlərini məndən qaçırıb "allaha əmanət ol, bilirəm hara gedirsən”, - dedi. Füzuliyə girəndə hər tərəfdən mərmi uğultusu, yanıq qoxusu gəlirdi. Mən alışmışdım, sürücü də sağ olsun, minnət-zad qoymadı. 
Orda uşağın param-parça ruhu digərləri kimi onun da arxasınca gələn olsun istəyərdi. Mən də o nakam ruhun qarşısındakı son borcumu yerinə yetirməyə çalışdım...

O vaxtdan bəri o kənddən ayağımı kəsdim. Qızın sorağı idarələrdən artıq şəhid bacısı kimi gəlirdi. "Nazlı xanımın yetimləri” gündəmdən düşmüşdü. Gücümüz çatmayan şeyləri unutmağa çalışırıq, mən də həyatımın o səhiflərini qapatmışdım. İllər sonra bir gün evə gələndə onu bizdə gördüm. Türkə-saya anamdı da. Ağlayıb-sızlayıb, arvadı da ağladıb. Ev qızı kimi yır-yığış edib məni "əfv diləməyə” gözləyirmiş. Anam qabağıma çıxıb xətrinə dəyməyim deyə yalvardı. Qovası deyildim. Amma üz də vermədim. Uyğunsuz nağıllar danışmağa başladı. Kafedə işləməyə Moskvaya gedibmiş qohumu ilə-zad. Evdə yalnız kiçik oğlan qalmışdı. Guya onu da aparıbmış. Çox şükür, ortancıl iki qızı xeyirxah adamlar başqa rayona düz-qoş etmişdilər. Ailə qurub yaşayırdılar.
İçəri otağa keçəndə gördüm ki, çantası dağılıb. Gözümə bir sənəd sataşdı. Bakının hansısa doğum evindən onun adına verilmiş arayış idi. Bir ay əvvəl doğulan uşağa görə. Digər şeyləri yığışdırıb arayışı açıq halda çantanın üstünə qoyaraq qonşuya keçdim. Qayıdanda anam dedi ki, səndən az sonra çantasını götürüb getdi. O gün yatdığımız yerdə Alagöz bacı ehtiyatla dilləndi:

– A bala, allah günaha yazmasın, sən də bağışla. O qız elə bil dar köynəkdən qurtarmışdı... 

*

O gündən o mövzuda bir kəlmə dnışmadıq. Təxminən on beş il əvvəl bir payız axşamı dostlardan biri zəng vurdu ki, "sənin qızın” kənddə bir yoxsul ailənin fağır oğlunu şərləyib ki, onunla evlənsin. Əks halda şəhid bacısına sataşmağın nə olduğunu görəcəkmiş. Uşağın and-amanına baxmayıb polisə aparıblar. Özü və qohumları ailəni jurnalist Nazlı xanımla hədələyiblərmiş. Hazırda polisdədirlər.
Qaranlıq çoxdan düşmüşdü. Bəhanə uydurmayıb anamdan yarım saatlıq möhlət istədim. Polisin girişində selləmə yağışın altındakı kişi ilə qadının yanından keçərkən adımın çəkildiyini duysam da, dönmədim. Növbətçi xəbər verən kimi rəisin yanına keçdim. Nehrəmli Məhərrəm Əliyevlə üzbəüz oturan yetkin qadın qalxıb üstümə gəlmək istəyəndə əllərimi qabağa verdim. Qırımımdan məsələni anlayan rəis məni heyrətlə dinləyib əlindəki qələmi iki böldü. Döyüşçü rəis üçün şəhid bacısına sataşan adamın nə demək olduğu məlumdu. Təbii ki, uşağın bir neçə saatda eyni həqiqəti dediyinə baxmayaraq, bəzi "profilaktik tədbirlər” görülmüşdü. 

"Günahkarı” gətirdilər... O gəncin imdad uman yorğun baxışları ürəyimə necə işlədisə, üzümü tutub uşaq kimi ağladım. Rəis gəncə "üzrünü Nazlı xanımdan istəmişik”, deyib polisə "müvafiq” tapşırıq verdi. Mən özümü çölə atıb giriş qapısına çatanda bayaqkı yaş adamlar özlərini mənim üstümə atdılar...

P.S. O qız bizim duyğularımızla, sevgilərimizlə inşa edilən o sehirli evi adi tikili kimi çoxdan satıb buralardan getdi. Şəhərdə kafedə işləyir, dedilər. Barəsində bildiyim daha ağır şeyləri dilə gətirmədim. Yanlış-doğru nə də olsa, onlar bizim uşaqlarımız olaraq qalacaqlar. Allah hamımızı bağışlasın...