Dünya 22:53 25.07.2022

Bəşər Əsəd nədən narahatdır? - Politoloq

"Bu hadisələr onu göstərir ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri arasında konkret razılıq əldə olunmayıb”.
 
Qaynarinfo xəbər verir ki, belə bir açıqlama ilə son günlər Türkiyə-İraq və Türkiyə-Suriya sərhədində baş verənləri şərh edərkən politoloq Turan Rzayev çıxış edib: 

"Türkiyə ilə Suriya arasında gərginlik yenidən alovlanır. Belə ki, Bəşər Əsədə bağlı Suriya ordusu Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməyə başlayıb. Əsəd rejiminə bağlı qüvvələr kürd terrorçularla birlikdə hərəkət edirlər. Aydın məsələdir ki, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə bilikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil. Xüsusilə də burada diqqətçəkən vacib məqam bu prosesin məhz "Astana üçlüyü”nün "Tehran sammiti”ndən  sonra baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücumdan sonra İraqda Türkiyə əleyhinə etirazların başlaması, paytaxt Bağdadda Türkiyə Mədəniyyət mərkəzindəki türk bayrağını endirilməsi kimi hadisələrlə diqqət çəkmişdi. Hər iki proses ondan xəbər veri ki, "Tehran sammiti”ndə Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyib. Bunu təsdiqləyən digər bir fakt da son günlər Rusiyanın Suriyadakı hərbi kontingetini artırmasıdır. Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterlərinin patrul xidməti aparması da vacib nüanslardandır”. 
 


Bütün baş verənlərə əsasən ekspert hesab edir ki, "Tehran sammiti”ndə Rusiyadan daha çox İran ilə Türkiyə razılığa gələ bilməyib:

"Rəsmi Tehran Ankaranın Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali Rəhbər Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. Belə ki, Xamenei Türkiyənin mümkün əməliyyatlarına işarə edərək Suriyanın şimalında hər hansı hərbi addımın Türkiyənin də, Suriyanın da zərərinə olacağını deyib. Onun ardınca əvvəl İraqda Zaho insidenti və antitürkiyə aksiyaları keçirildi. İndi də Əsəd Türkiyə  sərhədinə hərbi qüvvələri cəmləyir”. 

T.Rzayev düşünür ki, hər iki hadisə prosesin arxasında İranın durduğunu göstərir: 

"İran Əsəd kartını oynayaraq Ankaranı antiteror əməliyyatlarından çəkindirməyə çalışır. Yəni, antiterror əməliyyatları başlasa Türkiyənin qarşısında terroristlər deyil, Suriya ordusunun olacağı mesajını verirlər”. 

Həmsöhbətimiz qeyd edir ki, bu kimi əngəllərə baxmayaraq, Ankara geri addım atmayacaq. Amma bununla belə, ekspert hesab edir ki,Türkiyə Əsəd qüvvələri ilə hərbi qarşıdurmaya da getməyəcək:

"Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil. Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə də bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin Əsəd qüvvələri ilə toqquşması prossesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə konteksinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun”. 

Politoloq onu da bildirir ki, proses Ankara ilə Dəməşq arasında toqquşmaya gətirib çıxarsa, belə bir ssenaridə birmənalı şəkildə Kreml prosesə müdaxilə edəcək: "Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında tab gətirmək şansı yoxdur. Əsəd Türkiyəni qarşısına çıxsa, bu, onun hakimiyyətinin sonu anlamına gələcək”. 

Rüfət Sultan