Texnologiya 13:03 01.07.2022

Bəşəriyyətin gələcəyinə gedən yol: Azərbaycan bu yolun harasındadır?

(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

XX əsrin sonlarından başlayaraq informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. İnformasiya kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənib, dövlət strukturlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etməyə başlayıb. 

Müasir dövrdə bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanır. Heç kim şübhə etmir ki, informasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yol olacaq.

Bəs bu gün informasiya cəmiyyəti dedikdə nə nəzərdə tutulur? Hansı məsələlər informasiyalı cəmiyyətin əsas hissələrini təşkil edir?
Bunları qruplaşdırsaq, aşağıdakı kimi sıralama yaranar.

- qlobal informasiya mühitinin yaradılması

- demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.

- informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması

- informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı

- təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkədə fərqlidir. Məhz bu texnologiyaların inkişafı və istifadə qaydalarını həmin dövlətin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəriciləri kimi hesab etmək olar. 

Qeyd edək ki, son dövrdə, xüsusi ilə pandemiya dövründü insanların öz ehtiyaclarını qarşılamaq üçün üz tutduqları elektron ticarət sürətlə inkişaf eməyə başladı. Hətta post-pandemiyada belə, artıq elektron ticarət həyatımızın əsas hissəsinə çevrildi. Rahat, evdən və ya işdən çıxmadan, əlavə zaman itirmədən ehtiyaclarımızı internet vasitəsilə qarşılamağa çalışmağımızvə dünya bazarında elektron ticarətin rolunun sürətlə artırdı. 

İnformasiya texnologiyalarının rolunu təkcə elektron ticarət və ya insanlar üçün ünsiyyəti əlçatan edən sosial şəbəkələrlə məhdudlaşdırmaq doğru olmaz. Çünki bu texnologiyalarn sürətlə inkişafı həm də gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyətinin onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacağını göstərən əsas nümunədir.

Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılmasına dəstək ola biləcək bir vasitədir.
Qeyd edək ki, son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb.

Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Ölkənin bütövlükdə elektron hazırlığının, o cümlədən mövcud telekommunikasiya infrastrukturunun, texniki və proqram vasitələrinin, informasiya resursları və xidmətlərinin, hüquqi-normativ bazanın təhlili göstərir ki, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesini daha da sürətləndirmək üçün ilkin şərtlər və bir sıra çətinliklər mövcuddur.  

İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu

Azərbaycan dövlətinin siyasi məqsədlərindən biri həm də müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinin artırılması, bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının gücləndirilməsində müasir texnoloji yeniliklərdən istifadə etməkdir.

Bu səbəbdən informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması çox vacibdir.

İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir:

qanunvericilik bazasının formalaşdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi;

ölkə daxilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətin təhlili və tənzimlənməsi;

milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resurslarının formalaşdırılması, dövlət orqanlarnın bu istiqamətdə fəaliyyətinin idarə edilməsi;
yeni şəraitə münasib olan, xarici və yerli sərmayələrin cəlb edilməsi və iqtisadi fəaliyyətdə ədalətli rəqabətin aparılmasına xidmət edən əlverişli mühitin yaradılması;

cəmiyyətin geniş təbəqələrinin strategiyanın həyata keçirilməsinə cəlb edilməsi məqsədilə siyasi, hüquqi, iqtisadi və inzibati mexanizmlərdən istifadə etməklə prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, onların fəaliyyətinin əlaqələndirilməsi;

hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasının təmin olunması;

vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün imkan yaradılması;

ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi və s. 

Bu bəndləri daha da artırmaq olar. Ancaq texnologiyanın inkişafı və dövlətlə qarşılıqlı fəaliyyətindən danışırıqsa, digər məsələlər də nəzərə alınmalıdır.

İnformasiyalaşdırmanın əsas prinsipləri

Cəmiyyətin informasiyalaşdırılmasına yönəlmiş Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxaspektlidir və onun əhatə dairəsinə dövlət siyasəti, sosial-iqtisadi sfera, texnika və texnologiyalar, elm və mədəniyyət daxildir.

Milli Strategiya Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin (dövlət strukturları, elm və tədris müəssisələri, özəl qurumlar, qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar və vətəndaşlar) iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə aşağıdakı əsas prinsipləri müəyyən edir:

Maarifləndirmə - ictimaiyyətin dəstəyini almaq, fəaliyyətin effektivliyini təmin etmək və bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyarlara dair bilik və məlumatlar geniş şəkildə əhaliyə çatdırılır.

Şəffaflıq - informasiyalaşdırma ilə bağlı bütün fəaliyyət aşkar şəraitdə həyata keçirilir, fəaliyyətlə əlaqəli əsas qaydalar, tədbirlər bütün vasitələrlə ictimaiyyətə çatdırılır, ictimai müzakirələr aparılır, bütün tərəflərin fikri öyrənilir və nəzərə alınır.

Bərabərlik - cəmiyyətdəki mövqeyindən və mülkiyyət formasından asılı olmayaraq prosesin bütün iştirakçılarının maraqları eyni dərəcədə nəzərə alınır, sosial ədalət prinsipi gözlənilir.

İnnovasiya - elmi-texniki tərəqqinin yenikləri nəzərə alınır, müasir elmi tədqiqatların aparılmasına diqqət artırılır.

Mərhələlilik - informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafını nəzərə alaraq və maliyyə imkanlarından səmərəli istifadəni təmin etmək üçün informasiyalaşdırma ilə bağlı fəaliyyət mərhələlər üzrə həyata keçirilir, proqram və layihələr hazırlanarkən prioritetlər və nəticələrin qısa müddətdə əldə edilməsi nəzərə alınır.

Beynəlxalq əməkdaşlıq - informasiya və kommunikasiya texnologiyaları üzrə beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində respublika fəal iştirak edir, ölkədə aparılan informasiyalaşdırma ilə bağlı fəaliyyətin ümümdünya informasiya cəmiyyətinin inkişafı ilə sıx əlaqəsi təmin olunur.

"Birinci rəhbər" prinsipi - dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının, təşkilat və müəssisələrin rəhbərləri informasiyalaşdırmanın həyata keçirilməsində maraqlıdırlar və onlar bu fəaliyyəti bilavasitə idarə edirlər.

Millilik - milli informasiya resurslarının hazırlanmasına, milli proqram təminatının yaradılmasına üstünlük verilir, Azərbaycanda yaşayan digər xalqların informasiya resurslarının formalaşması üçün şərait yaradılır.

Yuxarıda danışdığımız məsələlər tək bununla bitmir. İnformasiya texnologiyalarının getdikcə inkişaf etməsi, təsir dairəsinin genişlənməsi həyatımızın hər bir mərhələsinə təsir edir. Bu gün dövlət İKT və təhsil, İKT-dən istifadə etməklə sosial yönümlü sahələr, Elektron hükumət, telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, İKT ilə əlaqədar hüquqi-normativ baza, elektron ticarət və s. məsələlərdə ciddi tədbirlər planı hazırlayır, işlər görür.

Unutmayaq ki, biz də bu dövlətin və qloballaşan dünyanın bir fərdi olaraq informasiya texnologiyalarının əlçatanlığından, yeniliklərindən istifadəni daha yararlı hala gətirməliyik. Bu sahədə baş verən innovativ yeniliklərlə tanış olmalı, hər gün dəyişən yenilikləri izləməliyik.
 
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.