Siyasət 16:39 02.03.2023

“Biz Azərbaycan vətəndaşı olan ermənilərlə görüşmüşük” - Ekspert

"Rəsmi Bakının Azərbaycan vətəndaşı olan Qarabağın erməni icması nümayəndələrilə dialoqa getməsi xaricdən gələn təzyiq və təsirləri neytrallaşdırmaqda mühüm addımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Azərbaycanı təmsil edən nümayəndələrin Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə Xocalıdakı görüşünü şərh edərkən deyib:
 
"Belə görüş çoxdan başlamalı idi. Çünki Rusiya sülhməramlıları 5 ilin sonunda bölgəni tərk etməlidir. Ona iki ildən bir qədər artıq vaxt qalır. Bu müddət ərzində Qarabağ erməniləri Azərbaycana inteqrasiya etməlidir, münasibətlər formalaşmalıdır. Əks halda, Rusiya bu məsələni bəhanə edib, Qarabağda daha çox müddətə qalmağa çalışacaq. 

Digər tərəfdən, Qərb ölkələri də öz ordularını ermənilərin müdafiəsi bəhanəsilə bölgəyə daxil etmək istəyəcək. Bu onu göstərir ki, Qərb bölgədə hərbi cəhətdən möhkəmlənməyə çalışır. Azərbaycanın marağına zidd olan bu halların qarşısını almaq üçün Bakı vətəndaşımız olan Qarabağın erməni icmasının nümayəndələrilə açıq dialoqa getməlidir. 

Sivil vətəndaş cəmiyyətləri arasında münasibətlərin qurulması belə halların qarşısını almaqda mühüm önəm kəsb edir. Belə dialoq onu göstərir ki, biz erməni icmasına da öz vətəndaşlarımız kimi baxırıq. Azərbaycan nə separatçı rejimi tanıyır və nə də onların vəzifəlilərini qəbul etmir. Bakı Azərbaycan vətəndaşı olan ermənilərlə görüşür və bu, normal haldlr”. 

Qeyd edək ki, Azərbaycanı təmsil edən nümayəndələr çərşənbə günü Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək, onların Azərbaycana reinteqrasiyasını müzakirə edib. Görüşdə Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş Milli Məclisin üzvü Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib. 

Məlumata görə, görüşdə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin "Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr" aparılıb. Bu, separatçı Dağlıq Qarabağ Respublikasının "dövlət naziri" Ruben Vardanyanın fevralın 23-də istefaya göndərilməsindən sonra baş tutan ikinci görüşdür. 

Rüfət Sultan