Dünya 11:26 20.02.2023

Biz qısa müharibəyə və qələbəmizə hazırlaşırıq - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın qısamüddətli müharibəyə və öz qələbəsinə hazırlaşdığını və rusiyalıların heç vaxt Ukraynanı ələ keçirməyə müvəffəq olmayacağını bildirib.

Qaynarino xəbər verir ki, o bu barədə İtaliya mediasına - Corriere della SeraRai telekanalına müsahibəsində bildirib 

"Rusiyalılar hələ dərk etməyiblər ki, biz bu gün bir il əvvəlkindən güclüyük və heç vaxt ümid etdikləri kimi Ukraynanı ələ keçirə bilməyəcəklər”, - Ukraynanın dövlət başçısı əminliklə söyləyib.

"Biz qısamüddətli müharibəyə və qələbəmizə hazırlaşırıq. Nə qədər tez olarsa, itkilərimiz də o qədər az olar. 2014-cü ildə münaqişə donduruldu və bu, bizim xeyrimizə olmadı. Minsk razılaşmaları Putinə keçən il gözlənilməz hücuma hazırlaşmağa vaxt verdi, yenə eyni tələyə düşməyəcəyik. Əsgərlərimiz ailələrini, evlərini qoruduqları üçün daha çox motivasiyalıdırlar. 

Digər tərəfdən biz gördük ki, Moskvaya qarşı iqtisadi sanksiyalar böyük köməkdir, bizə təşkilatlanmaq vaxt və şərait yaratdı”, - Zelenski bildirib.

"Balaca Baxmut şəhərini qorumaq üçün insanları itirməyə dəyərmi” sualına cavab verən Zelenski deyib ki, "Ukrayna üçün onu qorumaq vacibdir, amma nəyin bahasına olursa-olsun və hamının ölməsi deyil".

"Nə qədər ki, ağlabatandır, biz döyüşəcəyik. Rusiyalılar bundan sonra hücumu Kramatorsk və Slavyanska, Donbas sərhədlərinə və Dneprə qədər davam etdirmək istəyəcəklər, əgər bacarsalar. Biz müqavimət göstəririk və eyni zamanda növbəti əks-hücuma hazırlaşırıq”, - deyə Zelenski bildirib.

"Bu müharibə uzanarsa, nə vaxtsa müttəfiqlərin dəstəyinin itə biləcəyindən qorxursunuzmu” sualına Ukrayna prezidenti belə cavab verib: 

"Heç kim təkbaşına döyüşməyi sevmir. Kimsə nə vaxtsa bizi atıb gedə biləcəklərinə inanırsa, deməli o, bizim mübarizəmizin dərin motivasiyasını anlamayıb. Biz üç yüz spartalı deyilik və özümüzü qəhrəman hiss etmirik, bilirik ki, Avropa və Rusiya təhlükəsini dərk edənlər bizim arxamızdadır”.

Eyni zamanda, "Rai” telekanalına müsahibəsində Rusiyanın yeni hücumundan qorxması ilə bağlı sualı cavablandıran Zelenski bildirib ki, Ukrayna qoşunları hazırda Rusiya qoşunlarından qat-qat güclüdür.

"Əlbəttə, onlar daha irəli gedə bilmirlər, artıq əvvəlki kimi güclü deyillər. İndi biz onlardan qat-qat güclüyük.

Bilirik ki, uduzsaq, hər şeyi itirəcəyik: evləri, uşaqları, valideynləri, ona görə də köhnə və ya yeni hücum olması bizim üçün fərq etməz. Ötən il fevralın 24-də baş verənlərdən sonra artıq kompromislər yoxdur. Beynəlxalq hüquq pozuldu, insani ola biləcək hər şey pozuldu. Biz onlardan qorxmuruq. Onlardan heç kim qorxmur, hər şey onların planlarına zidd gedir”, - Zelenski yekunlaşdırıb.

Nizami Bağırov