Ölkə 12:10 22.06.2022

Biz SSRİ-nin tərkibində deyilik, müstəqil dövlətik... - Təhsil ekspertindən reaksiya

"Fikrimcə, biz dərsləri sentyabrın 15-də başlayıb, may ayının 31-də bitirməliyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Elçin Əfəndi yeni tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təklifləri şərh edərkən deyib  Ekspertin fikrincə, orta məktəblərdə dərslərin sentyabrın 1-də və yaxud da 15-də başlaması dərslərin keyfiyyətinə ciddi mənada təsir edən amillərdən biri deyil:

"Dünyanın müxtəlif ölkələrində dərslərin ayrı-ayrı vaxtlarda başlaması təcrübəsi var. İstər Şərq, istərsə də Qərb ölkələri olsun, bizimlə eyni tədris qrafikində və bizdən fərqli qrafiklərdə onlarlar da var. Bəzi ölkələr var ki, onlarda dərslər daha erkən başlayır, məsələn, aprel və may aylarında. Dünyada hər bir ölkənin özünün müəyyən etdiyi bir istiqamət üzrə tətbiq olunan tədris ilinin başlama və yekunlaşma dövrü var. Azərbaycana gəlincə, tədris ili 15 sentyabr 31 may aralarında yekunlaşmalıdır”.
 


Ekspert təklif edir ki, Azərbaycanda tədris ilinin hansı tarixdə başlayıb, hansı tarixdə bitməsi deyil, ümumi təhsildə çatışmayan problemləri gündəm müzakirəsi etmək və bu istiqamətdə müəyyən işlərin, islahatların aparılmasına çalışmaq daha məqsədəuyğun olar:

"Sonuncu dəfə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, dərslər sentyabrın 15-də başlayıb iyun ayının 14-də bitməsi haqqında qərar qəbul edilib. Bu qərar əsasında da proses davam edir. Keçmiş SSRİ-yə daxil olan ölkələrinin hər birində dərslər sentyabrın 1-də başlayıb mayın 25-də bitir, yəni Bilik Günü sentyabrın 1-də qeyd olunurdu. Biz SSRİ-nin tərkibində deyilik, müstəqil bir dövlətik”.

Elçin Əfəndi dünyada qlobal problemlərin olduğunu vurğulayıb:

"Onlardan biri də qlobal istiləşmədir. Biz iyun ayının 14-ə kimi dərslərin davam etməsinin tərəfdarı deyilik, dərslər sentyabrın 15-də başlamalıdır. Ona görə ki, həmin vaxt payız fəslinin ölkəyə gəlməsinə az qalır. Dərslər havaların sərinləşdiyi bir dövrə təsadüf edir”. 

Ekspert xüsusi olaraq qeyd edib ki, istilər düşdükçə, tədris ili başa çatdıqca da keyfiyyətdən danışmağa dəyməz:

"Müəllimlər də tədris ilinin sonunda yorğun olurlar və bundan əlavə, dərsdənkənar işləri də çox olduğundan onlar artıq çatdıra bilmirlər. Son iki-üç həftədə nə müəllim, nə şagirdin təshilə marağı olur. Yalnız cüzi bir hissə tədrisə maraq göstərir. Bu amil nəzərə alınmalıdır. Düşünürəm ki, mayın 31-də tədris ilini başa vurmaq, iyun ayında şagirdlərin rayonlara yay düşərgəsini təşkil etmək, təhsillə bağlı müəyyən layihələri həyata keçirmək mümkindür. Bu, məncə, təhsilin keyfiyyətinə təsir edəcək amilərdən biridir”.

Bahar Rüstəmli