Siyasət 13:00 23.03.2023

Blinken nə demək istəyirdi: Azərbaycanla Ermənistan sülhə gedir?

"Burada söhbət sülh sazişi üzrə çərçivə sənədindən gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ dövlət katibi Antoni Blinkenin son açıqlamasında Azərbaycan və Ermənistanın sülhlə bağlı tezliklə razılığa gələ biləcəyini ehtimal etməsinə münasibət bildirərkən deyib. 

"Hansı ki, burada da əsas prinsiplər öz əksini tapmalıdır. Bu prinsiplərdən Azərbaycan üçün ən vacibi Ermənistanın tam şəkildə ərazi bütövlüyümüzü və suverenliyimizi tanımasıdır. Artıq bu istiqamətdə birinci addım atılıb. Praqa və Soçidə 1991-ci ilin Almatı deklorasiyası və BMT-nin nizamnaməsinə istinadən Ermənistan həmin prinsipləri tanıyıb. Amma istənilən sülh prosesi ikitərəfli sənəddə də həmin məqamın təsdiq olunmasından keçir", deyə sabiq nazir bildirib.
 


Həmsöhbətimiz bildirir ki, Ermənistan hələ buna hazır deyil və müxtəlif səbəblərdən ondan qaçır: 

"Paşinyan hər dəfə məsələ ortaya gələndə ictimaiyyətin prosesə hazır olmadığını iddia edir. İstisna etmirəm ki, Blinkenin dediyində də söhbət həmin məsələdən gedir. İstənilən halda, ABŞ bu məsələnin öz həllini tapmasında israrlıdır. Blinkenin bəyanatını belə başa düşürəm. O hesab edir ki, təzyiq nəticəsində Ermənistan bu addımı atmalıdır. Bu addım atılarsa, digər prinsiplər də çərçivə sənədində öz əksini tapacaq”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərkən Azərbaycan və Ermənistanın sülhlə bağlı tezliklə razılığa gələ biləcəkləri ehtimalını irəli sürüb: "Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var".

Rüfət Sultan