Siyasət 15:52 16.09.2022

Blinkenin telefon diplomatiyasi: Bakı və İrəvana hansı mesajlar verildi? - Politoloq

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın verdiyi məlumata görə, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə yenidən danışmaq niyyətindədir. "Regiondakı vəziyyətlə bağlı Blinken Azərbaycan və Ermənistan liderləri yenidən təmas qurmağı planlaşdırır”, deyə Prays qeyd edib. 

Onun sözlərinə görə, dövlət katibi bu günlərdə hər iki ölkə rəhbəri ilə söhbət edib: "Yaxın vaxtlarda onun yenidən belə imkanı olacaq. Biz yenidən dayanıqlı sülhün əldə olunması üçün işi davam etdiririk. Bu məsələnin hərbi həll yolu yoxdur”. 

Qeyd edək ki, Blinkenin İlham Əliyev və Paşinyanla ilk telefon danışığı sentyabrın 15-də olub. Dövlət katibi Paşinyanla danışıqda Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib. O, həmçinin, diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

Blinken Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışıb. Həmçinin o, Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. 

Bundan öncə isə dövlət katibi Azərbaycan-Ermənistan sərhədində baş verən erməni təxribatla bağlı iki bəyanatla çıxış edib. Birinci bəyanatda o, heç bir əsas gətirmədən atəşkəsin guya Bakı tərəfindən pozulduğunu bildirib. İkinci bəyanatda isə prosesi qızışdıran tərəfin Ukraynadan diqqəti yayındırmaq üçün Moskva olduğuna işarə vurub. Bu fonda Blinken yenidən Bakı və İrəvanla danışmaq niyyətini ortaya qoyub. 

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ bölgə ilə bağlı bəzi məsələlərdə gecikdiyindən Blinkenin zəngilə həm Bakı, həm də İrəvana müraciət etməklə gecikməni aradan qaldıracağını düşünür:



"Blinkenin son günlər genişlənən fəallığı Qafqaz uğrunda ABŞ-la Rusiya arasında kəskinləşən ciddi siyasi qarşıdurma ilə bağlıdır. Moskva rəsmən elan edib ki, ABŞ Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Bütün bunların fonunda Blinkenin narahatçılığının əsası var. 
Sentyabrın 13-də baş verən təxribatdan sonra hadisələr yenə də gərginləşib. ABŞ bölgədə sönmüş münaqişə ocağının yenidən alovlanmasını istəmir. Çünki bu bölgədə onun təhlükəsizliyinə ciddi xələl gətirə bilər. Münaqişənin qızışdırılması əslində Kremlin marağına uyğundur. Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynamasına rola qısqanclıqla yanaşır. Amma bunu da açıq şəkildə etiraf edə bilmir. 

ABŞ-da Rusiyanın Qafqazdan çıxarılmasında maraqlıdır. Azərbaycan isə hansı dövlətin harda olmasından asılı olmayaraq, öz marağına uyğun hərəkət edir. ABŞ ciddi bir təxribatla üzləşib. Onların nümayəndəsi Riker İrəvandan Bakıya gələndən sonra sərhəddə təxribat başladı. Nəticədə ilkin olaraq görüntü yarandı ki, Vaşinqton təxribatlarda maraqlıdır. Amma əslində bu ABŞ-lıq deyil. ABŞ təhlil nəticəsində bu qənaətə gəlib ki, Vaşinqton bəzi məsələlərdə gecikir. Ona görə də Blinkenin zəngilə həm Bakı, həm də İrəvana müraciət etməklə bu gecikməni aradan qaldırmağa çalışacaq”.

Rüfət Sultan