Dünya 14:21 10.06.2023

BMT 32 ölkənin Ukraynanın Rusiyaya qarşı soyqırım iddiasına qoşulmasına icazə verdi

Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Soyqırım Konvensiyasının pozulması ilə bağlı Rusiyaya qarşı iddiasını dəstəkləmək üçün 32 ölkənin müraciətini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib.

İddiaya Macarıstan istisna olmaqla, Aİ-nin 26 üzvü, həmçinin Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç, Lixtenşteyn və Böyük Britaniya da qoşulub. İyulun 5-dək bu ölkələr prosesə daxil olduqlarını təsdiqləməli və iş üzrə öz mövqelərini təqdim etməlidirlər. Eyni zamanda, tərəflərin etirazlarına ilkin baxılması mərhələsində ABŞ-ın dinləmələrdə iştirakından imtina edilib.

Ukrayna 2022-ci ilin fevralında müharibə başlayandan bir neçə gün sonra Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. Bildirilib ki, Rusiya 1948-ci il Konvensiyasını pozaraq, Ukraynanı Luqansk və Donetsk vilayətlərində saxta soyqırımda ittiham edib və bundan işğal üçün bəhanə kimi istifadə edib. Kiyev Moskvadan "soyqırım” anlayışı ilə manipulyasiya etdiyinə görə” məsuliyyətə cəlb edilməsini tələb edib və hərbi əməliyyatları dayandırmağa çağırıb.

Məhkəmə Ukraynanın tərəfini tutub. Eyni zamanda, orada, qərarın "müvəqqəti tədbir” olduğunu, məqsədinin mübahisə ilə bağlı yekun qərar qəbul olunana qədər vəziyyəti dondurmaq olduğunu aydınlaşdırıblar. Rusiya prosesdə iştirak etməkdən və hərbi əməliyyatları dayandırmaqdan imtina edib - XİN bildirib ki, BMT məhkəməsi "xüsusi əməliyyat məsələsinə baxılmasında heç bir yurisdiksiyaya malik deyil".

May ayında XİN rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna tərəfində Beynəlxalq Ədalət Məhkəməsi prosesinə qoşulmağa çalışan Qərb ölkələrinin hərəkətlərini "açıq şantaj və təzyiq cəhdi” kimi qiymətləndirir. O, həmçinin iddianın özünün "axmaq məntiqə əsaslandığını” bildirib.

İyul ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Rusiyanın soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması Konvensiyasını pozması ilə bağlı yenidən məhkəməyə müraciət etdiyini bildirib.

Beynəlxalq ədalət məhkəməsi İkinci dünya müharibəsindən sonra BMT-yə üzv dövlətlər arasında mübahisələrə baxmaq üçün yaradılıb. Onun qərarları məcburidir, lakin ölkələri onlara əməl etməyə məcbur etmək imkanı yoxdur.

Nizami Bağırov