Siyasət 15:08 21.12.2022

BMT Qarabağda ermənilərin resurslardan qeyri-qanuni istifadəsini yoxlaya və təsdiq edə bilməz

BMT Ermənistan tərəfinin Dağlıq Qarabağdakı mineral ehtiyatlardan qanunsuz istifadə etməsi ilə bağlı iddiaları yoxlaya və təsdiq edə bilməz. 

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin köməkçisi Miroslav Yença deyib.

BMT baş katibinin köməkçisinin sözlərinə görə, Azərbaycan bundan əvvəl Laçın dəhlizində etirazların mineral sərvətlərdən qeyri-qanuni istifadəyə və bunun ətraf mühit üçün fəsadlarına qarşı yönəldiyini bildirib.

"Nə Laçın dəhlizində, nə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olmayan BMT bu iddiaları və ittihamları yoxlaya və təsdiq edə bilməz", - Yença deyib.

Eyni zamanda, baş katibin köməkçisi İrəvan və Bakını 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq öhdəliklərini yerinə yetirməyə çağırıb.

"Tərəflər 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına və sonradan razılaşdırılmış bəyanatlara uyğun olaraq öhdəliklərə tam əməl etməlidir”, - Yença bildirib.

O, həmçinin İrəvan və Bakını "çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi İrəvanla Bakı arasında nəticələrin bütün Cənubi Qafqaza təsir edə biləcəyi münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti fəal olmağa çağırıb.
 
Alpər