Dünya 13:00 24.02.2023

BMT Ukraynada sülhün əldə olunmasının zəruriliyi ilə bağlı qətnamə qəbul etdi

Cümə axşamı fövqəladə xüsusi sessiyada BMT Baş Assambleyasının nümayəndələri Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq tez bir zamanda "hərtərəfli, ədalətli və davamlı” sülhə nail olunmasının zəruriliyi barədə qətnamə qəbul ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat yayılıb.

Qətnamənin lehinə 141 ölkə səs verib, 32 ölkə bitərəf qalıb, yeddi ölkə - Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya əleyhinə səs verib. Belarus Respublikasının təklif etdiyi düzəlişlər rədd edilib. Azərbaycan nümayəndəsi səsvermədə iştirak etməyib. 

Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.

Baş Assambleyanın üzvləri "Rusiya Federasiyasından bütün silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmağı” tələb edib və hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Baş Assambleya "Silahlı münaqişə tərəflərinin bütün hərbi əsirlərə münasibətinin 12 avqust 1949-cu il tarixli hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının və 1949-cu il Cenevrə Konvensiyalarına I Əlavə Protokolunun müddəalarına uyğun olmasını tələb edir və hərbi əsirlərin tam dəyişdirilməsinə, qeyri-qanuni saxlanılan bütün şəxslərin azad edilməsinə və internir edilmiş və məcburi köçkün və deportasiya edilmiş bütün mülki şəxslərin, o cümlədən uşaqların geri qaytarılmasına çağırır”, – qətnamədə deyilir.

Baş Assambleyanın nümayəndələri "Rusiya Federasiyasının Ukraynaya təcavüzü nəticəsində insan haqları və humanitar vəziyyətlə bağlı ağır vəziyyətdən təəssüfləndiklərini” bildiriblər.

Sənəd tərəfləri mülki şəxslərin və mülki obyektlərin mühafizəsi ilə bağlı öhdəliklərinə hörmət etməyə və köməyə ehtiyacı olanlara humanitar yardımların maneəsiz çıxışını təmin etməyə, habelə Ukraynanın mühüm infrastrukturuna, o cümlədən evlərə, məktəblərə və xəstəxanalara hücumları dərhal dayandırmağa çağırır.

Qətnamədə həmçinin vurğulanır ki, "Ukrayna ərazisində törədilmiş ən ağır cinayətlərin milli və ya beynəlxalq səviyyədə düzgün, ədalətli və müstəqil təhqiqat və təqib vasitəsilə beynəlxalq hüquq çərçivəsində cavabdehlik daşımasını təmin etmək lazımdır”.

Baş Assambleyanın nümayəndələri Baş Katib və Üzv Dövlətlərin Ukraynada sülhü təşviq etmək səylərini qeyd ediblər və beynəlxalq ictimaiyyəti bu səylərə dəstəyini ikiqat artırmağa çağırıblar. Qətnamədə deyilir ki, müharibənin qlobal nəticələrini aradan qaldırmaq üçün ölkələr həmrəylik ruhunda əməkdaşlıq etməlidir.

Nizami Bağırov