Siyasət 12:53 04.02.2023

Bölgədə gərginlik artır: Fransa və İran erməniləri yeni savaşa sövq edir

"İrəvandan Azərbaycan və Türkiyəyə qarşı istifadə etməyə çalışan Fransa və İran yenidən onu müharibəyə sürükləyirlər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Beynəlxalq Böhran Qrupunun və Qərb mətbuatının Azərbaycanla Ermənsitan arasında müharibənin yenidən alovlana biləcəyilə bağlı proqnozlarını şərh edərkən deyib. Politoloqun fikrincə, Ermənistan böyük güclər üçün siyasi alət rolunda çıxış edir:

"Dünyanın bir neçə nüfuzlu beyin mərkəzi Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşəcəyilə bağlı proqnozlar səsləndiriblər. Amma Azərbaycan dövlət hər zaman bölgədə sülh və sabitliyə sadiqliyini vurğulayıb. Ölkəmizin bundan sonra regionda hər hansı bir qarşıdurmanın olmasında maraqlı olmadığı dövlət rəhbəri səviyyəsində dəfələrlə vurğulanıb. 
 


Bütün bunlara baxmayaraq, görürük ki, İrəvandan Azərbaycanla Türkiyəyə qarşı istifadə etməyə çalışan Fransa və İran yenidən onu qızışdırmaqla məşğuldurlar. Son dövrlər baş verən proseslər, Ermənistanın Azərbaycanın sülh çağırışlarını sabotaj etməsi vəziyyətin gərginləşəcəyi ehtimallarını artırır. 

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından xeyli vaxt keçir. Sülhməramlıların fəaliyyət müddətinin başa çatmasına az qalır. Amma görürük ki, proses regionda gərginliyin qalmasıda doğru gedir və hadisələrin bu cür inkişafı beynəlxalq güclərə sərf edir. Ermənistan isə bu yöndə onların qarşısında siyasi alət rolunda çıxış edir. Sülh yolunda hər hansı bir irəliləyiş olmasa və Ermənistan müharibəyə doğru gedərsə, Azərbaycanın ona cavabı sərt və dağıdıcı olacaq”. 

Rüfət Sultan