Dünya 18:39 23.06.2022

Böyük 7-lik və NATO Rusiyaya təzyiqləri artıracaq, Çini nəzarətdə saxlayacaq

Böyük 7-lik qrupunun liderləri və NATO alyansı gələn həftə Ukraynadakı müharibəyə görə Rusiyaya təzyiqi artırmağa çalışacaq, eyni zamanda Çinlə bağlı davamlı narahatlıqlarını qeyd edəcəklər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika rəsmiləri bildiriblər

Prezident Co Baydenin NATO-nun Şərqi Avropadakı qüvvələrini genişləndirmək planlarını açıqlayacağı gözlənilən sammit üçün Madridə getməzdən əvvəl Almaniyanın cənubunda digər Böyük 7 liderləri ilə görüşmək üçün Avropaya gəlir. Görüşdə Vaşinqton həmçinin Avropanın təhlükəsizliyini gücləndirmək üçün hansı addımların atılacağını açıqlayacaq.

Rəsmilər bildiriblər ki, ilk dəfə olaraq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderlərinin NATO sammitinə daxil edilməsi, Ukraynadakı müharibənin Qərbin diqqətini Çindən yayındırmadığını göstərmək məqsədi daşıyır. 

İyunun 26-28-də baş tutacaq görüşdə Böyük 7-lik liderlərinin Çinin son illərdə daha da aqressivləşən "məcburi iqtisadi üsulları”nı müzakirə edəcəyi gözlənilir.

"Sammitdə biz Rusiyaya təzyiqi artırmaq və Ukraynaya kollektiv şəkildə dəstəyimizi nümayiş etdirmək üçün konkret təkliflər toplusu təqdim edəcəyik”, - Amerika rəsmilərindən biri deyib. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski hər iki görüşdə virtual olaraq çıxış edəcək.

Nurlan Hüseynov