Dünya 14:53 13.05.2023

Borrel: "Putinə siqnal göndərmək istəyirəm: yorğunluq yoxdur, olmayacaq"

Avropa İttifaqının Xarici və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cosep Borrel vurğulayıb ki, Aİ üzvləri mümkün "yorğunluq” barədə fərziyyələrə baxmayaraq, Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Qaynarinfo xəbər verir ki, bunu Borrel cümə günü Aİ xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.

Avropa İttifaqının baş diplomatı vurğulayıb ki, 15 aylıq müharibə ərzində Rusiya Ukraynanı "tabe etdirmək” və onu məhv etmək niyyətindən əl çəkməyib. Buna görə də, hazırda mövcud olan qısamüddətli vasitələrlə yanaşı, Kiyevi dəstəkləmək üçün uzunmüddətli vasitələrin təmin edilməsi vacibdir.

"Və mən Putinə aydın bir siqnal göndərmək istəyirəm: yorğunluq yoxdur və olmayacaq. Biz Ukraynaya nə qədər ehtiyac olarsa, o qədər də dəstəkləməyə davam edəcəyik", - Borrel vurğulayıb.

O vurğulayıb ki, hazırkı vəziyyətdə Ukrayna mübarizədən vaz keçə bilməz, çünki bu, bir millət kimi mövcudluğunu təhlükə altına qoyub, lakin Rusiya bunu etmək istəmir.

"Bir çox insanlar sülh istədiklərini deyir. Biz bunu istəyirik. Sülhü hamıdan çox istəyən ukraynalılardır. Ukraynalılar sülh istəyir. Biz sülh istəyirik. Amma biz kapitulyasiya istəmirik. Ukraynanın ikinci Belarus olmasını istəmirik”, - Aİ-nin baş diplomatı vurğulayıb.

Nizami Bağırov