Dünya 18:50 13.05.2023

Borrell: "Ukraynaya Baxmut yaxınlığında hər gün min mərmi lazımdır"

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel bildirib ki, Ukraynanın gündə ən azı 1000 artilleriya sursatına ehtiyacı yalnız Baxmut bölgəsindədir.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, Borrell bu barədə Aİ xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşü və Hind-Sakit Okean Nazirlər Forumu zamanı bildirib.

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bu gün xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-nin daha çox dəstək verməsi tələbindən danışıb: "Əlbəttə ki, dəstəyi sürətləndirməliyik".

"Hərbi əməliyyatların davam etdiyi Baxmut bölgəsində Ukrayna gündə təxminən min artilleriya atışı həyata keçirməlidir", deyə Borrell vurğulayıb. 

Borrel bildirib ki, Baxmut bölgəsində sistemli bombardmanlar aparılır. O, əlavə edib ki, Avropa İttifaqı Ukraynanı sursatla təmin edir, lakin sursatların tədarükünü sürətləndirməkdə qərarlıdır: "Rusiya hücuma davam etdikcə, Ukrayna özünü müdafiə etməlidir. Və bu, Kulebanın nazirlərə təqdim etdiyi tələb idi".

Aydın