İdman 12:07 07.06.2023

"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi

Bundesliqa təmsilçisi "Borussiya"nın (Münhenqladbax) yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qaynarinfo-nun məlumatına görə, rəhbərlik əvvəllər "Bayer" və "Yanq Boys” kimi komandaları çalışdırmış Xerardo Seoaneni baş məşqçi vəzifəsinə gətirib. Alman klubundan verilən açıqlamada 44 yaşlı isveçrəli çalışdırıcı ilə 3 illik müqavilə imzalandığı bildirilib.

"Borussiya"nın dman direktoru Roland Virkus Seoanenin son illərdə müxtəlif vəzifələrdə uğurla çalışdığını və gənc olmasına baxmayaraq, "Borussiya"nın futbola yanaşma tərzinə uyğun gələn təcrübəli məşqçi olduğunu bildirib.

Seoane 2021-ci ilin iyulundan 2022-ci ilin oktyabrına qədər Bundesliqa komandalarından "Bayer"i çalışdırıb və daha əvvəl "Yanq Boys"un "sükanı" arxasında ardıcıl 3 dəfə İsveçrə Liqasının qalibi olub.

2022-2023 mövsümünü Bundesliqada 43 xalla 10-cu pillədə başa vuran Münhenqladbax təmsilçisi iyunun əvvəlində baş məşqçi Daniel Farke ilə yollarını ayırıb.

Səbuhi Həsənov