Dünya 20:27 24.11.2022

Britaniya tarixində ən böyük müəllim tətili başladı

Böyük Britaniya universitetlərinin 70 mindən çox müəllimi, kitabxanaçısı və tədqiqatçısı bu gün, noyabrın 24-də üç günlük tətilə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Tətildə həmçinin Britaniyanın 19 universitetinin qeyri-müəllim heyəti - administratorlar, texniki heyət, iaşə və təhlükəsizlik işçiləri iştirak ediblər.

"Glassdoor”a görə, Britaniya universitetlərində müəllim heyətinin orta əmək haqqısı ildə təxminən 31 min funt-sterlinqdir (ayda təxminən 2,6 min funt). Avqust ayında hökumət əmək haqqının 3% artacağını vəd edib. Bununla belə, müəllimlərin fikrincə, orta aylıq inflyasiya təxminən 8,5% olduğu halda belə bir maaş artımı kifayət deyil.

Bundan əlavə, müəllimlər pensiya şərtlərindəki dəyişiklikdən narazıdırlar. Buna görə Universitet və Kollec İttifaqı (UCU) qeyd edir ki, onlar "gələcəkdə zəmanət verilən pensiya gəlirlərinin təxminən 35%-ni itirəcəklər". 

"Əməkdaşlar sadəcə olaraq "işdə sönürlər”, lakin onlar mübarizə aparmağa çalışırlar”, deyə UCU rəhbəri Co Qredi izah edir.

"Bu vəziyyətə görə günah yalnız rektorların özlərindədir, onların rəhbərliyi sektorumuzda ən böyük tətilə səbəb olub. Şagirdlər müəllimləri dəstəkləyirlər və bunun davam edə bilməyəcəyini başa düşürlər”, deyə Co Qredi əlavə edib.

UCU-nun məlumatına görə, universitet əməkdaşları noyabrın 24, 25 və 30-da işləməyəcək. Əslində bu günlərdə ölkədə ali təhsil sahəsində bütün fəaliyyətlər dayanacaq. Böyük Britaniyanın 150 universitetinin binası qarşısında təşkil olunan etirazlar piket formasında keçirilir.

Şotlandiyanın demək olar ki, bütün ibtidai və orta məktəbləri bu gün bağlanıb, çünki müəllimlər maaşların artırılmasını tələb etmək üçün təxminən 40 ildə ilk dəfə ümumi tətil keçiriblər. Böyük Britaniyada bir məktəb müəlliminin orta əmək haqqı (London istisna olmaqla) ildə 28 min funt-sterlinqdən 38 min funt-sterlinq arasında dəyişir (ayda təxminən 2,3-3,2 min funt-sterlinq).

Nizami Bağırov