Siyasət 12:12 24.05.2022

“Brüssel razılaşması”na görə erməni müxalifəti Paşinyanı “daşqalaq” edəcəkmi? - Politoloq

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol  Paşinyan arasında keçirilən görüş bir sıra mühüm qərarların qəbulu ilə yekunlaşdı. Tərəflər sərhədlərin delimkitasiyası üzrə kommisiyanın yaradılması, sülh müqaviləsinin bağlamasına hazıqlıqla bağlı mühüm məsələlərdə razılığa gəldilər.
 
Başlıcası görüş fonunda bir dəfə də olsun "Dağlıq Qarabağ” ifadəsi işlədilmədi. Habelə, bəyanatda "erməni xalqı” deyil, "Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi” ifadəsi işlədildi. Ermənistanda əldə edilən bu razılaşmaya heç də birmənalı baxış yoxdur. Revanşistlərdən ibarət kiçik bir qrup hələ də Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı çıxaraq, bu fonda Paşinyanın istefasını tələb edir. Onlar artıq iki həftədən çoxdur ki, mitinqlər keçirir. Buna baxmayaraq görünən odur ki, "Qarabağ klanı”ndan ibarət revanşistlərin hay-küy qaldırmalarına baxmayaraq, Brüsseldə sülhün əldə edilməsi yolunda mühüm addımlar atıldı. Bu isə o deməkdir ki, revanşist ermənilər istəklərinə nail ola bilmir. Bu həm də onların bu müddətdə keçirdikləri etiraz aksiyasının Ermənistanda geniş rezonans doğurmadığını göstərir. Bu aksiyalar geniş rezonans doğursaydı, çətin ki, Paşinyan Brüsseldə sözügedən qərarlara razılıq verərdi.
 
Belə vəziyyətdə, erməni müxalifəti Brüssel görüşünü necə qarşılayacaq?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayevin fikrincə, Brüssel görüşünə etiraz edən revanşist qüvvələr son kartdan istifadə edərək yenidən küçələrə çıxmağa cəhd edəcək. Amma həmsöhbətimizə görə, erməni müxalifətinin cəhdləri nəticəni dəyişməyəcək:
 

 
"Hazırda erməni müxalifətinin Brüssel razışalmalarına qarşı reaksiyasını aç-çox müşahidə edirik. Əslində, bəlli idi ki, revanşistlər yenə də ənənəvi mövqedən çıxış etməkdə davam edəcək. Onlar Paşinyanın Qarabağdan tamamilə imtina etdiyini və Azərbaycanla qeyr-şərtsiz danışıqlara getməyə hazır olduğunu qeyd edirlər. Buna etiraz etsələr də aydın məsələdir ki, erməni müxalifəti mövcud reallığın nədən ibarət olduğunu başa düşür. Bütün hallarda revanşistlər Brüssel görüşündən öz maraqları naminə istifadə etməklə əhalini yenidən Paşinyan əleyhinə qaldırmağa çalışacaq. Amma nəticə etibarı ilə bu istiqamətdə son 22 may Brüssel görüşündən əvvəl həyata keçirdikləri uğursuz cəhdləri kimi növbəti cəhdləri də uğursuz olacaq. Çünki Qərb və Rusiyanın məsələyə yanaşması bəllidir. Onlar müxtəlif aspektlərdə olsa da, prosesin sülhlə bitməsinə çalışırlar. Bu yanaşmalar erməni müxalifətinin istəyilə üst-üstə düşmür. Ermənistan müxalifəti də bunu yaxşı başa düşür. Bununla belə onlar son kartdan da istifadə edəcəklər. Amma bu cəhdləri də onlara xeyir gətirməyəcək. Nəticə dəyişməyəcək. Brüssel görüşü göstərdi ki, Paşinyan prosesin həllində maraqlıdır. Sadəcə müxalifətin  aksiyaları olmasaydı, proses daha tez bitərdi”.

Rüfət Sultan