Dünya 18:24 09.03.2023

Bu, “Arzu”nu geri çəkilməyə məcbur edən gənclərin qələbəsidir - Politoloq Vasadze

Daha əvvəl "xarici agentlər” haqqında qanun layihəsinin qəbulunu dəstəkləyən gürcü partiyaları polislə toqquşmaya çevrilən iki günlük etiraz aksiyalarından sonra sənədi geri götürüblər. Lakin bu münasibətlə parlament çoxluğu, o cümlədən "Gürcü Arzusu” adından verilən bəyanatda cəmiyyətin bir hissəsinin qanun layihəsini səhv şərh edərək, onu səhvən "rus” hesab etdiyi və Gürcüstanın Avropaya inteqrasiya istəklərinə zidd olduğu bildirilir. Bəyanatda o da bildirilir ki, parlament izahat işləri aparmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, politoloq Gela Vasadze "The Insider”ə müsahibəsində qanun layihəsinin geri götürülməsini vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb və parlamentarilərin ümumiyyətlə bu təşəbbüsə qayıdacaqlarına şübhə etdiyini bildirib.

"Düşünmürəm ki, onlar bu qanuna ümumiyyətlə qayıdacaqlar, çünki bu qanun onlara siqnal kimi lazım idi. Bu, bir test idi və Allaha şükürlər olsun ki, imtahandan keçmədilər. Onlar artıq heç nə etməyəcəklər. Bu, Gürcüstanın bütün vətəndaş cəmiyyətinin qələbəsidir və hər şeydən əvvəl "Arzu”nu geri çəkilməyə məcbur edən gənclərin qələbəsidir. Bu qanunun mahiyyəti ondan ibarət idi ki, xarici səfirliklərdən və fondlardan qrant alanlar hansısa reyestrdə qeyd olunmalıdırlar. Rusiya qanununun birinci nəşri ilə mütləq bənzətmə idi. Sonra fiziki şəxslər əlavə edildi, sonra repressiv tədbirlər görüldü, lakin ilk nəşr vegetarian idi.

Bu qanun Rusiya qanunu ilə müqayisədə heç nəyi dəyişmirdi, çünki Gürcüstanda elə həmin ABŞ səfirliyindən qrant alınması şərəfli işdir, buna heç bir mənfi münasibət yoxdur və ola da bilməz. Burada söhbət ondan gedir ki, bizim hakimiyyət orqanları bunu bacardıqlarını göstərmək istəyiblr. Onlar sadəcə olaraq sübut etmək istəyiblər, Rusiya təcrübəsinə oxşar bir qanununu rahatca qəbul edə bilərlər. Onlara izah edildi ki, xeyr, edə bilməzlər. Ən əsası isə qanunun 15-20 qeyri-hökumət təşkilatına və bir neçə müxalifət mediasına aid olduğuna inandıqları üçün ictimai reaksiyanın belə olacağını gözləmirdilər. Amma əslində maraqlı bir effekt ortaya çıxdı: SSRİ-nin dağılmasından sonra doğulan, Gürcüstanı Avropadan kənarda görməyən və normal demokratik dövlətimiz olacağını xəyal edən gənclər və tələbələr bunu gələcəklərinə və arzularına təhlükə kimi gördülər, gürcü arzusunun başqa olduğunu başa düşdülər və bunu göstərdilər.
Daha sonra dinc aksiyaları dağıtmaqda günahkar olanların cəzalandırılması tələbi ilə aksiyalar keçiriləcək. Əgər parlamentin arxasından hardasa 10-15 nəfər hay-küy salırdısa, o zaman onlar həbs olunmalı idi və heç bir şeyin olmadığı və insanların sadəcə olaraq dinc etiraz aksiyası keçirdikləri Rustaveli prospektinə getməmək və toplaşmaq hüququnun təsbit edildiyi Gürcüstan Konstitusiyasını pozaraq onları dağıtmamaq lazım idi. Ona görə də bu baxımdan bu qərarı verənləri siyasi məsuliyyətə çağırmaq lazımdır”.

Xatırladaq ki, hakimiyyətdəki "Gürcü arzusu” partiyasının peyki olan "Xalqın gücü” hərəkatının deputatları qanunvericiliyə dəyişiklik edilməsini təklif ediblər. Əvvəlcə iki qanun layihəsi təqdim olunub. Birincisi ABŞ-ın Xarici agentlərin qeydiyyatı Aktına (FARA) bənzəyir. İkinci sənəd, Rusiyada hakimiyyətə etiraz edən şəxsləri və təşkilatları mühakimə etmək üçün qəbul edilmiş qanunun analoqu ilə "xarici təsir agentləri” reyestrinin yaradılmasını nəzərdə tuturdu. Məhz bu qanun layihəsi Gürcüstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib.

Martın 7-də axşam saatlarında Tbilisinin Rustaveli prospektində yerləşən parlament binası yaxınlığında vətəndaşlar qəbul olunmuş qanun layihəsindən narazı olaraq toplaşmağa başlayıblar. Polis gözyaşardıcı qazla etirazçıları dağıtmağa çalışıb, 60-dan çox adam saxlanılıb. Aksiya davam edən ertəsi gün polis yenidən qaz və su şırnaqlarından istifadə edib. Etirazçılara xaricdən videomüraciətlə Gürcüstan prezidenti Salome Zurabişvili dəstək verib.

Nizami Bağırov