Dünya 13:53 18.01.2023

Çavuşoğlunun ABŞ səfəri: Ankara nə istəyir? - Politoloq

"ABŞ və Türkiyə arasında əsas müzakirə predmeti F-16 təyyarələrinin alınması və modernləşdirilməsi olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlunun ABŞ-a səfəri və dövlət katibi Entoni Blinkenlə görüşünü şərh edərkən deyib. 
 
"Uzun müddətdir ki, bu məsələnin həll olunmaması iki dövlət arasında problemlər yaradır. Bilirsiniz ki, F-35 5-ci nəsil qırıcı təyyarələrinin Türkiyəyə satılmasından imtina olunmasından sonra F-16-ın satılması məsələsi meydana çıxıb. Çünki F-35-in alınması üçün lazım olan vəsait əvvəlcədən ödənilmişdi. Bu məsələdə icazənin alınması üçün Dövlət Departamenti Konqresə müraciət edib. Çavuşoğlu ilə Blinken arasında görüşdə bu məsələ prioritet olacaq”, deyə Natiq Miri qeyd edib.

Ekspert görüş zamanı Ukrayna-Rusiya müharibəsinin də müzkirə ediləcəyini bildirir:


 
"Ankara da anlayır ki, müharibənin dayandırılması Kiyevlə Moskva arasında deyil, Kreml ilə Ağ Ev arasında anlaşmadan keçir. ABŞ-ın hansı şərtlər daxilində müharibənin dayandırılmasına razı olması məsələsi də müzakirə ediləcək”. 

Natiq Mirinin fikrincə, Ankara Suriyanın şimalında əməliyyat keçirməməsi müqabilində ABŞ-dan F-16-lar məsələsində güzəştlər qopara bilər: 

"Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı keçirmək məsələsi hələ də gündəmdədir. Bu məsələ də tərəflərin danışıqlarında yer alacaq. Bu əməliyyatın keçirilməsi ABŞ-ın regiondakı maraqları üçün təzyiq xarakteri daşıyır. Ankara əməliyyatın keçirilməməsi müqabilində ABŞ-ın güzəştlər etməsini gözləyir. Bu güzəştlər də F-16-ın  modernləşdirilməsi və 40 ədəd yeni F-16-ın alınmasından ibarət ola bilər. Yunanıstan məsələsi də danışıqlarda müzakirə olunacaq. Yunanıstanın timsalında düşmən iki NATO üzvündən birinin sialhlandırılması və Türkiyəyə qarşı təhrik olunması qəbul olunmazdır”. 
 
Həmsöhbətimiz Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsinin müzakirə ediləcəyini də istisna etmədi:
 
"ABŞ Rusiyanı oyundankənar vəziyyətə salmaq üçün Bakı ilə İrəvanın ikitərəfli danışıqlarında maraqlıdır. Amma Fransanın prosesə müdaxiləsilə Avropa İttifaqının təşəbbüsü demək olar ki, dayanıb. Bu da Rusiyanın yenidən aktivləşməsinə səbəb olub. İstisna deyil ki, Çavuşoğlu Blinkenlə bu istiqamətdə müəyyən məsləhətləşmələr aparacaq”. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfərə gedib. O yanvarın 20-nə kimi bu ölkədə olacaq. Bu gün isə onunla dövlət katibi Entoni Blinken arasında ikitərəfli görüş keçiriləcək. Görüş zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə ediləcək. 

Rüfət Sultan