Amal Abuşov
İdman 10:02 05.10.2022

CBC Sport deyir ki... mənim deyilmi, verməyəcəm!

Şənbə günü Misli Premyer Liqasında nəinki turun, hətta ilk dövrənin mərkəzi qarşılaşması oynanırdı. Bəli, "Qarabağ-"Neftçi” qarşılaşmasını nəzərdə tuturam. Bu görüş yeni mövsümün çempionunun adına aydınlıq gəlməsi baxımıdan xeyli əhəmiyyətli idi. "Neftçi” "Azərsun Arena”da ən azından uduzmamalı, intiriqanı qorumalı və "bu yarışda mən də varam!” deməliydi.

"Ağ-qaralar” bunu bacarmadı. "Qarabağ” səviyyə fərqini ortaya qoydu və fasilədən sonra vurulan qollar oyunun taleyini həll etdi. Hadisələri qabaqlayıb, "Qarabağ”ın çempionluğun da taleyini həll etdiyini demək istəmirəm. Amma reallıq bunu diqtə edir. Avrokuboklarda da mübarizə aparan "köhlən atlar”ın ehtiyyat qüvvəsi də imkan verir ki, bir oyunu ehtiyatda qalan Ağdam təmsilçisi turnir cədvəlinin vahid liderinə çevrilsin. Keçirdiyi 7 görüşün hamısında qalib gələn Qurban Qurbanovun komandası əsas rəqiblərini, yəni "Sabah”la "Neftçi”ni məğlub etməyi bacarıb. Bu məqamın özü də bir çox sualların cavabıdı.

Könül istərdi ki, bu cür qarşılaşmalar bizim Premyer Liqada tez-tez oynanılsın, peşəkar və tərəfsiz mütəxəssislər müzakirələr aparsın, azarkeşlər baxımlı və gərgin görüüşlərdən həzz alsınlar. Hamımıza məlumdu ki, Azərbaycanın öz reallıqları var, burda insanlar şənbə günü də işləməyə məcbur olurlar. "Qarabağ” - "Neftçi” qarşılaşması isə havaların hələ də isti, günlərin uzun olmasına baxmayaraq, saat 18:00-da başladı. Düzü, oyunun belə erkən başlamasının səbəbini əvvəlcə başa düşməmişdim. Hakimin final fiti səslənəndən sonra hər şey mənə aydın oldu. "CBC Sport”un şərhçisi oyunu televiziya ekranlarından izləyən tamaşaçılarla tələm-tələsik sağollaşıb, onları İtaliya A seriyinasının "İnter”-"Roma” qarşılaşmasına da baxmağa dəvət etdi.

Belədə qarşılaşmadan sonra "Qarabağ”la "Neftçi”nin baş məşqçilərinin açıqlamalarını efirə vermək, isti-isti mütəxəssis rəyləri eşitmək mümkünsüz oldu. Çünki "CBC Sport” Azərbaycan çempionatından uzaqlaşıb özünü İtaliya A seriyasına çatdırmalı idi. Ötən turda da İtaliya və Azərbaycan çempionatlarının qarşılaşmaları "toqquşmuşdu”. Onda da seçim qarşısında qalan "CBC Sport” məcburiyyətdən "Zirə” - "Qarabağ” görüşünü ekranlara gətirmiş, "Roma”-"Atalanta” qarşılaşmasını azərbaycanlı futbolsevərlərə təqdim etmək mümkün olmamışdı. Bu cür toqquşmalara İtaliya və İspaniya birinciliklərinin maraqlı oyunları eyni saatda başlayanda da rast gəliniri, bir qrup azarkeşi razı salmağa çalışan telekanal digərlərini özündən küsdürür.

Bəli, razıyam ki, "İnter”-"Roma” görüşünün afişası xeyli cəlbedicidi və ölkəmizdə bu qarşılaşmanı izləmək istəyənlərin sayı yetərincə çoxdu. Eləcə də həftəsonu İtaliyanın və İspaniyanın yaşıl meydanlarında keçirilən digər qarşılaşmaların. Amma bütün bunlardan zərər çəkən Azərbaycan futbolu və ona könül verənlər olmamalıdı. Bir telekanal "Qarabağ”-"Neftçi” görüşündən sonra baş məşqçilərin açıqlamalarını canlı-canlı izləyəcilərinə göstərə bilmirsə, bunu "Sumqayıt”la "Turan Tovuz”un (misal üçün) qarşılaşmasından sonra da etməməlidi. Ümumiyyətlə, Azərbaycan futbolunun təbliği üçün yaradılan, ölkə çempionatının yayım hüququna yiyələndirilən telekanal özü üçün standartlar müəyyənləşdirməli və bu standartlara sadiq qalmalıdı. Bir gün belə göstərib, sabah başqa cür etmək peşəkarlığa sığmır.

Dünyanın hər yerində yerli telekanallar çempionatın yayım hüququnu alır və üzərinə düşəni sonadək yerinə yetirir. Rusiyada da bunun nümunəsi var, Türkiyədə. Orda bir televiziya şirkətinin fərqli çempionatlar üzrə ixtisaslaşmış telekanalları olur. Biri ölkə futbolunu təbliğ edib, ona geniş yer ayıranda digəri Avropanın aparıcı çempionatlarının yayımı ilə məşğul olur. "CBC Sport” həm Azərbaycan çempionatının inhisarçısıdı, həm də İtaliya və İspaniya çempionatlarının ölkəmizdəki yayım hüququnu alıb. Sözsüz ki, bu hüquqlar Azərbaycan büdcəsindən ayrılan pullar sayəsində alınıb, kanalın özünün bu boyda gəliri yoxdu. Dünənə qədər həmin büdcə "İdman”a ayrılırdı, bu gün "bulağın gözündən” "CBC Sport” "su içir. Amma bundan əziyyət çəkən ölkə futbolu və azarkeşlər olmamalıdı. 

Nəticə çıxarmaq zamanıdı. "İdman” TV bütün günü öküz yarışları göstərir, köhnə lentləri təkrar-təkrar yayımlayır. Bu tərəfdə isə "CBC Sport” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir, seçim etməyə məcburdu. "İdman”a da pul dövlətdən ayrılır, "CBC Sport”a da. İndiki məqamda "İdman” telekanalı əvvəlki illərinin zəif kölgəsidi, rəqabəti uduzub. Hamı bunu qəbul edir. "CBC Sport” ikinci telekanalını aça bilmirsə, hikkəsini bir kənara qoymalı, əlindəkiləri bölüşməlidi. Hansısa formada bu iki telekanal arasında körpü yaradılmalıdı. Sağlam rəqabət onsuz da yoxdu, azarkeşlərə futbol göstərmək lazımdı.

Amal Abuşov