Siyasət 18:23 20.01.2023

“Cənubi Qafqaz formatı”ni kim pozur? - Politoloq

"Cənubi Qafqaz ölkələri başçılarının üçtərəfli görüşünün baş tutub-tutmaması daha çox İrəvandan asılıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Davosdakı çıxışında Cənubi Qafqaz ölkələrinin dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi vacibliyini vurğulaması fonunda, onun reallaşması imkanlarını dəyərləndirərkən deyib. Politoloq bildirib ki, Gürcüstanla Azərbaycan uzun illər davam edən ikitərəfli əməkdaşlığın bundan sonra üçtərəfli formatda inkişafında maraqlıdırlar:
 
"Bu məsələ həmin toplantıda Azərbaycan dövlət başçısının iştirakı ilə müzakirə olunub. Azərbaycan Prezidenti də Cənubi Qafqazın 3 ölkəsinin qarşılıqlı əməkdaşlığının önəmli olacağı qənaətini ifadə edib. Bu da onu göstərir ki, üç Qafqaz ölkəsindən ikisi, yəni Gürcüstanla Azərbaycan uzun illər davam edən ikitərəfli əməkdaşlığın bundan sonra üçtərəfli formatda inkişafında maraqlıdırlar və bu prosesə töhfə verməyə hazırdırlar. 



Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyindən sonra bu istiqamətdə təşəbbüs Gürcüstan tərəfindən irəli sürüldü. Tiflisin təşəbbüsü nəticəsində erməni əsirlər Ermənistana qaytarıldı, əvəzində isə Ağdam ərazisində basdırılmış minaların xəritəsi Azərbaycana verildi. Tiflisin bu təşəbbüsü tərəflər arasında etimad yaradacaq dərəcədə effektiv nəticə vermişdi. Üçtərəfli əməkdaşlıq region ölkələrinin Qərbə inteqrasiyası baxımından da faydalıdır”. 

Həmsöhbətimiz bildirir ki, Cənubi Qafqaz ölkələrinin dövlət başçılarının üçtərəfli görüşünün reallaşıb-reallaşmayacağı, bu formatın reallaşması daha çox İrəvandan asılıdır:
 
"Daha doğrusu, Ermənistandakı siyasi qüvvələrin prosesə maraq göstərmələrindən asılıdır. Paşinyan hökuməti fərqindədir ki, Gürcüstanın da içərisində olduğu əməkdaşlıq formatı Brüssel danışıqlarının tərkib hissəsi, parallel danışıqlar masası ola bilər. Amma şimal və cənub qonşularımız belə bir əməkdaşlığa müsbət yanaşmır. Rusiya onun reallaşmasına mane olmaq üçün Ermənistanın əlilə müdaxilə edə bilər. Çünki İran və Rusiyanın İrəvana təsir və təzyiq imkanları mövcuddur”.
 
Rüfət Sultan