Dünya 23:18 03.10.2022

Çexiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı: "Təcili çıxış planı hazırlayın"

Çexiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Eyni zamanda təhlükəsizliklə əlaqədar Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq edib.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda Rusiyada olan Çexiya vətəndaşlarından DROZD sistemində qeydiyyatdan keçmələri xahiş olunur.

"Əgər siz artıq ölkədəsinizsə və xəbərdarlığa baxmayaraq qalmaq qərarına gəlmisinizsə, orada olduğunuz müddətdə həddindən artıq ehtiyatlı olun, etibarlı kütləvi informasiya vasitələrini izləyin və təcili çıxış planı hazırlayın”, - deyə bəyanatda qeyd edilib.

Həmçinin Çexiya vətəndaşlarına davam edən səfərbərlik səbəbindən diqqətli olmaları, mitinq və nümayişlərdən uzaq durmaları tövsiyə olunub.

Eyni zamanda XİN xəbərdarlıq edib ki, Rusiyanın Aİ və NATO ilə münasibətlərinin gərginləşməsi səbəbindən Moskvadakı səfirlik fasilələrlə işləyə bilər.