İdman 22:45 16.05.2023

Cəzasından dərs almadı, yenə əlində silahla... (FOTO)

NBA komandalarından olan "Memfis Qrizzlis"in gənc ulduzu Ca Morant "Instagram" hesabından canlı yayımda silahla görüntülənib.

Qaynarinfo-nun məlumatına görə, amerikalı basketbolçu daha əvvəl də oxşar hərəkət etmiş, nəticədə 8 oyunluq cəzalandırılmışdı. Yaşadıqlarından dərs almayan 23 yaşlı basketbolçu yenidən "Instagram" lentində silahla görüntülənib. Onunla bağlı bu dəfə hansı qərarın çıxarılacağı maraq doğurur.

Morant mart ayında da oxşar görüntülərlə qalmaqala səbəb olmuşdu. Belə ki, gecə klubunda rəqs edərkən çəkdiyi videonun bir hissəsində əlindəki silahı göstərən Morant həmin anları canlı yayımlayıb. NBA-nın intizam təhqiqatını nəzərə alaraq, "Memfis Qrizzlis" onu martın 5-dən bəri heç bir oyuna daxil etməyib. NBA rəhbərliyi oyunçunu 8 oyunluq cəzalandırıb.

Amerikalı basketbolçu 2019/20 mövsümündə "İlin yeni oyunçusu" mükafatına layiq görülmüşdü. Morantdan əvvəl "Menfis Qrizzlis"in sabiq oyunçusu Pau Qasol bu mükafatı sonuncu dəfə 2001/02 mövsümündə qazanmışdı.

Cari mövsüm hər oyunda orta hesabla 27,1 xal və 6 ribaund yığan, 8,2 məhsuldar ötürmə ilə yadda qalan basketbolçu davranışına görə Memfis şəhərindən və oranı təmsil edən klubdan üzr istəmişdi.
 


Səbuhi Həsənov