Dünya 17:45 26.07.2022

Çin birgə təyyarə layihəsində Rusiyanı Qərb şirkətləri ilə əvəz edir - Kreml təklənir

Sovet dövründən bəri Çinlə birlikdə ilk geniş gövdəli Rusiya sərnişin təyyarəsini yaratmaq cəhdi dağılmaq ərəfəsindədir.

"South China Morning Post” vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, Çin CR929-600 laynerini yaratmaq üçün Rusiya texnologiyalarından israrla imtina edir, Qərb istehsalçılarını dəvət edir və Çin bazarında Rusiya Federasiyası ilə qazancını bölüşmək istəmir

2017-ci ildə istifadəyə verilən və dəyəri 50 milyard dollar olan layihənin 280 sərnişin tutumlu təyyarə istehsal edəcəyi gözlənilir. "Boeing” və "Airbus”a rəqib kimi yaradılan bu təyyarə ilk uçuşunu gələn il edəcək. Ancaq bu müddət nə qədər yaxın olursa, tərəfdaşlar arasında fikir ayrılıqları bir o qədər güclənir.

SCMP mənbələri deyirlər ki, Çin Qərb şirkətlərini cəlb etməyə çalışır və Rusiya həllərini əvəz etmək istəyir. Xüsusilə, o, Almaniya və ABŞ istehsalı olan şassi daşıyanların istifadəsini təklif edir, Rusiya isə təhlükəsizlik baxımından uyğun olmamasına baxmayaraq, öz həllərini təbliğ edir.

Bundan əlavə, Rusiya layihənin bu hissəsində iştirak etməyə ümid etsə də, Çin mühərrikin hazırlanmasına Rolls-Royce və General Electric şirkətlərini cəlb etmək istəyir. Rusiya, öz növbəsində, maliyyə çatışmazlığı səbəbindən təyyarə korpusunun hazırlanması qrafikindən geri qalır, SCMP mənbələri deyir.

"Rusiya tərəfi Çinin Qərb komponentlərinin xeyrinə seçimini Ukraynanın işğalından sonra tətbiq edilən sanksiyalar fonunda Qərb qarşısına atılan ağ bayraq kimi qəbul edir”, - nəşrin həmsöhbətlərindən biri izah edir.

Layihənin maliyyə hissəsi Birləşmiş təyyarə korporasiyası (BTK) üçün də problemlərə çevrilib: BTK-nın Çin tərəfdaşı olan COMAC Rusiyaya təyyarələrin daxili Çin bazarında satışından gəlir əldə etməyə imkan vermək istəmir. Əvəzində BTK-ya qlobal satışlardan artan pay təklif edir (70%). Lakin məhz Çində 3000 təyyarə sifarişi gözlənilir, onun qlobal perspektivləri isə qeyri-müəyyən olaraq qalır.

"Moskva başa düşdü ki, Çindən kənarda CR929 üçün "Boeing” və "Airbus”un müştərilərini əldə etmək çox çətin olacaq", - SCMP mənbələri deyir. Rusiya üçün layihə iqtisadi mənasını itirir. Və rəsmilər, deyəsən, oradan çıxmalı olacaqlarına hazırlaşırlar.

Baş nazirin keçmiş müavini Yuri Borisov iyunun sonunda "Gələcəyin mühəndisləri” forumunda çıxış edərək etiraf etdi ki, "Çinlə bu layihə, prinsipcə, bizə uyğun gələn istiqamətdə getmir. Çin sənaye nəhənginə çevrildikcə bizim xidmətlərimizlə getdikcə daha az maraqlanır”.

"Bizim iştirakımız azala-azala gedir, - Borisov deyib və əlavə edib ki, - mən bu layihəni tərk edib-etməyəcəyimizlə bağlı gələcəyi proqnozlaşdırmaq istəmirəm”. 

Nizami Bağırov