Dünya 19:10 13.03.2023

Çin İran və Səudiyyə Ərəbistanını barışdırır: Azərbaycan üçün yeni təhlükə yaranacaqmı?

"Pekinin təşəbbüsü ilə Əl-Riyadla Tehran arasında diplomatik münasibətlərin bərpası ABŞ-ın maraq və nüfuzuna vurulan zərbədir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Pekinin vasitəçiliyilə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin yenidən bərpa edilməsinə münasibət bildirərkən deyib.

"Əl-Riyadla Tehran indiki məqamda gözlənilməz bir addım atdılar. Bununla da iki barışmaz rəqib olan Səudiyyə Ərəbistanı ilə İran arasında uzun illərdir davam edən diplomatik böhrana son qoyuldu. Tərəflər hətta səfirliklərin yenidən bərpası barədə razılığa gəldilər. Bu hadisə təbii ki, region üçün ciddi hadisədir. Qlobal müstəvidə Çin ABŞ-ın Yaxın Şərqdən geri çəkilməsi fonunda yaranmış boşluğu daha fərqli kontekstdə doldurmağa çalışır. Bunun da ən böyük sübutu olaraq Əl-Riyadla Tehranı bir araya gətirdi. Pekinin tərəfləri bir araya gətirməsi şübhəsiz ki, ABŞ-ın maraqları və nüfuzuna vurulan zərbədir. Vaşinqtonun fəaliyyəti nəticəsində İranla Səudiyyə arasında gərginlik yaranmışdı, Çinin fəaliyyətilə isə həmin gərginlik aradan qalxdı”, deyə politoloq bildirib:

Amma həmsöhbətimizə görə, indiki halda Əl-Riyadla Tehran arasında münasibətlərin normallaşması Azərbaycan üçün heç də xoş hadisə deyil: 

"Çünki İran ətrafında beynəlxalq koalisiyanın yaranması, ona qarşı təzyiqlərin artması hazırkı situasiyada ölkəmiz üçün daha sərfedici ssenari idi. Bakı Əl-Riyadla Tehran arasında olan gərginlikdən istifadə etməyə çalışırdı. Hesab edirəm ki, sözügedən münasibətlərin normallaşması İranın Ermənistana verəcəyi dəstəyə də təsir edəcək”. 

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra diplomatik münasibətlərin bərpa edilməsi, səfirliklərin yenidən açılması barədə razılığa gəliblər. 

Rüfət Sultan