Dünya 16:20 14.11.2022

Çin Putinin nüvə təhdidlərini pislədi - Rusiya üçün soyuq duş... (VİDEO)

Ötən həftə sonu Pnompendə başa çatan Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN) sammitində nüvə təhdidini pisləyən Çinin mövqeyi Rusiya üçün "soyuq duşa” çevrilib.

Çin nümayəndə heyətinin rəhbəri, baş nazir Li Keçyan sammit nümayəndələri qarşısında çıxışında Ukrayna ilə müharibədəki uğursuzluqlar fonunda Rusiya rəhbərliyinin nüvə ritorikasını tənqid edib.

Çin baş nazirinin bağlı qapılar arxasında keçirilən çıxışı ilə tanış olan yüksək rütbəli ABŞ rəsmisi "The Wall Street Journal”a bildirib ki, Li Keçyan nüvə silahından istifadə ilə bağlı təhdidləri "məsuliyyətsizlik" adlandırıb.

"Cənab Li Çinin Ukrayna ilə bağlı siyasəti haqqında kifayət qədər geniş danışıb, suverenliyə, nüvə təhdidlərinin məsuliyyətsizliyinə və nüvə silahından bəzilərinin eyham vurduğu kimi istifadə edilməməsini təmin etmək zərurətinə diqqət yetirib”, - mənbə WSJ-yə bildirib.

Li Keçyan birbaşa Rusiyanın adını çəkməsə də, rəsmi bildirib ki, onun çıxışı Pekinin Kremlin riyakar ritorikasından və hərəkətlərindən narazı olduğunu açıq şəkildə göstərir. Çinin baş naziri deyib ki, heç bir ölkə nüvə silahından istifadə etməməli və ya istifadə etməklə hədələməməli, bəşəriyyət tarix dərsini almalıdır.

Mənbə WSJ-yə deyib ki, "Çin, yəqin ki, Rusiyanın hərbi əməliyyatının gedişindən həm təəccüblənir, həm də məyusdur”.

Xatırladaq ki, sentyabrın 21-də səfərbərlik elan edən Putin Ukraynanın işğal olunmuş ərazilərinə nəzarəti saxlamaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməyə hazır olduğunu bəyan edib və "külək əsməsinin” Rusiyanın düşmənlərinə tərəf dönə biləcəyi ilə hədələyib.

Nizami Bağırov