Dünya 19:27 02.04.2023

Çin Tayvan uğrunda döyüşlərə görə Ukraynadakı müharibəni araşdırır - NYT

Çin hakimiyyəti Ukraynadakı müharibənin gedişatını diqqətlə öyrənir, Rusiyanın uğursuzluqlarından və nailiyyətlərindən nəticə çıxarır. Bu bilik Tayvan üçün hipotetik müharibədə Çin ordusuna faydalı ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

"Dünyanın o tayındakı iki super güc arasında dolayı mübarizədə Pekin öz potensial müharibələrinə hazırlaşmağa kömək edə biləcək silahlar, hərbi güc, kəşfiyyat və çəkindirmə sahəsində əvəzsiz dərslər mənbəyi görür. Çinli hərbi analitikləri ilk növbədə Tayvan uğrunda mümkün döyüşdə hansı yeniliklərdən və döyüş taktikalarından istifadə edə biləcəkləri maraqlandırır", deyə qəzet qeyd edir.

Məqalə müəllifləri çinlilərin Ukraynadakı hadisələri təhlil etdiyi 100-ə yaxın Çin tədqiqat məqaləsini və media nəşrlərini araşdırıblar. Xüsusilə, Çin Ukraynada arxa hədəflərə zərbələr endirmək üçün Rusiyanın hipersəs silahlarından istifadə hallarında maraqlıdır.

Çinlilər həmçinin öz hərəkətlərini əlaqələndirmək və Rusiyanın Ukrayna rabitəsini kəsmək cəhdlərindən yan keçmək üçün Ukrayna qoşunlarının "Starlink" peyk rabitə sistemlərindən istifadəsini təhlil ediblər. Çinli analitiklər hesab edirlər ki, Pekin öz "Starlink" analoqunu yaratmalı və düşmənin analoji sistemini sıxışdırmaq üçün bir yol tapmalıdır.

Kremlin nüvə təhdidi ilə Qərbi birbaşa müharibəyə müdaxilə etməkdən çəkindirməsi çinlilərin xoşuna gəlib. Onlar nüvə silahı proqramını genişləndirməli olduqlarına inanırlar.

Çinli analitiklər Rusiya ordusunun əsas problemini qoşunların maddi-texniki təchizat sistemindəki çatışmazlıqlar hesab edirlər. Eyni zamanda, onlar qeyd edirlər ki, Çin "gələcək dəniz keçidlərindən, adaların ələ keçirilməsindən” söhbət gedəndə oxşar çağırışlara hazırlaşmalıdır.

Nəşr qeyd edir ki, Rusiyanın səhvlərini öyrənmək Çinin Tayvanla mümkün münaqişədə qalib gəlməyə qadir olduğuna inamını gücləndirə bilər:

"Çinin 225 milyard dollarlıq rəsmi hərbi büdcəsi Rusiyadan təxminən üç dəfə çoxdur, Çinin geniş istehsal və texnoloji imkanları o deməkdir ki, o, Rusiya ordusunda çatışmayan bir sıra qabaqcıl pilotsuz təyyarələr və digər silahlar istehsal edə bilər”.

Çinlilərin Rusiya-Ukrayna müharibəsindən çıxardığı başqa bir nəticə isə hava və donanma inkişaf etdikcə onları ixtisar etməkdənsə, böyük quru qoşunlarını saxlamaq zərurətidir.

Pekinin Tsinqua Universitetində keçmiş hərbi tədqiqatçı Vu Dahui bu il yazırdı: "Böyük güc ağlabatan quru qüvvələri saxlamalıdır, əks halda o, döyüş meydanında üstünlüyünü itirəcək".

Martın sonunda Çin lidei Si Szinpin açıq şəkildə bəyan edib ki, ölkəsi müharibəyə hazırlığa başlayıb. O, təfərrüatları açıqlamayıb. Lakin hədəfin Tayvanı ələ keçirmək olduğu bəllidir.

Bu ifadələr konkret əməllərlə təsdiqlənir. Belə ki, bu il Çin ilk növbədə donanma, aerokosmik və nüvə qüvvələrinin inkişafına arxalanaraq hərbi büdcəsini xeyli artırıb. ABŞ-a qarşı dənizdəki münaqişədə məhz bu qoşunlara ehtiyac var.

CIA analitikləri hesab edir ki, Çin 2027-ci ilə qədər ABŞ-a qarşı müharibəyə hazır olmaq istəyir.

Aydın