Siyasət 15:53 12.07.2022

Çin və Rusiyanın yeni dünya düzəni iddiası, ABŞ-ın mövqeyi, əzilən xalqlar üçün çıxış yolu... (ŞƏRH)

ABŞ dövlət katibi Entoni Blinken ThaiPBS telekanalına müsahibəsində bildirib ki, Rusiya və Çin mövcud dünya nizamını öz maraqlarına uyğun dəyişməyə çalışırlar. O əlavə edib ki, ABŞ buna qarşı çıxmaq niyyətindədir. "Əgər Rusiyanın etdiyinə icazə verilsə, bu o demək olacaq ki, kim daha güclüdürsə o, haqlıdır, böyük dövlətlər kiçikləri incidə bilər. Bu, qaydalara əsaslanan nizamla təzad təşkil edir”, deyə Blinken bildirib. 

Blinken həmçinin bildirib ki, Rusiya Ukraynaya hücum edərək, mövcud dünya nizamına "meydan oxuyur”. ABŞ dövlət katibinin sözlərinə görə, Çin regionda daha aqressiv davranaraq və daxildə repressiyaları gücləndirməklə dünya düzəninə "fərqli şəkildə” yenidən qurur. "Düşünürəm ki, Çin yeni beynəlxalq nizamın olmasını istəyir. Biz öz dəyərləri baxımından liberal olan bir nizamı müdafiə etməyə və qorumağa çalışarkən, Çin digər dəyərləri əks etdirən qeyri-liberal bir nizamın arxasınca gedə bilər. Məsələ insanların hansı nizamda yaşamaq istəməsidir”, - Blinken bildirib. O, həmçinin vurğulayıb ki, Çinlə münasibətlər ABŞ və digər dövlətlər üçün xüsusi mühüm yer tutur, baxmayaraq ki, bu, çox çətindir. 

Blinkenin fikirlərinə Qaynarinfo-ya açıqlamasında münasibət bildirən politoloq Taleh Əliyev qeyd edir ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayan andan II Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemində ciddi bir etimadsızlıq mühiti yaranıb: 

"Co Bayden çıxışların birində bəyan etdi ki, yeni dünya düzəni formalaşır və Amerika bu düzəndə öncül olmalıdır. Blinkenin açıqlaması da göstərir ki, dünya yenidən sərt şəkildə iki qütbə bölünüb. Bu qütbün birində ABŞ və onun Qərb müttəfiqləri dayanır. Digərində isə Rusiya ilə Çinin yaratmaq istədiyi yeni dünya reallığı durur. Putin Ukraynaya müdaxilədən sonra bəyan etdi ki, böyük dövlətlər daim böyümələri üçün imperiya ambissiyalarını qoruyub saxlamalıdır. O, kiçik dövlətlərin işğalına sanki haqq qazandırırdı”. 

Bu baxımdan, həmsöhbətimiz Blinkenin yanaşmasını yeni nizam, yeni bir beynəlxalq münasibətlər sisteminin qurulması tərəfdarlarının narahatlığı kimi dəyərləndirir: 

"Çin daha çox iqtisadi alətlərdən istifadə edərək, inkişaf etməkdə olan Afrika ölkələrini əvvəlcə kreditlə borca salır, sonra isə borc qaytarılmadıqda, sərmayə qoyduğu xarici müəssisələri milliləşdirir. Bu yolla Pekin özünün dünya üzərində iqtisadi hegomonluğunu formalaşdırmağa çalışır. Rusiya isə keçmiş dönəmdə müstəmləkəsi olmuş ölkələri sorğu-sualsız sərt şəkildə yenidən özünə tabe etdirmək siyasətinə üstünlük verir”.  

Ekspertə görə, ABŞ-ın siyasəti ədalətli yeni dünya düzəninin yaradılması baxımından üçüncü dünya ölkələri, o cümlədən Azərbaycan üçün də müsbət yanaşma ola bilər:

"Məhz Çin və Rusiyanın ambissiyalarının yenidən böyüməsi səbəbindən yeni dünya düzəninin yaranması hədəfi qarşıya məqsəd qoyulub.  ABŞ dövlət katibinin açıqlaması da məhz Rusiya və Çinin iddialarının qarşısını almağa hesablanıb. Fikrimcə, bu prosesdə  ABŞ və müttəfiqləri yeni dünya düzəninin yaranmasına daha yaxındırlar. Çünki əzilən xalqlar Rusiya və Çinin iddialarının qurbanına çevrilməmək üçün ABŞ-ın yanında yer alacaq”.

Rüfət Sultan