Çin Dövlət Şurasının Tayvan işləri idarəsinin sözçüsü Çju Fenlan bildirib ki, Çin Tayvan prezidenti Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı ABŞ ərazisindən tranzit keçməsini təxribat hesab edir. Onun sözlərinə görə, Tsay Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşərsə, Çin sərt cavab verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyi
yazır.
"Tsay İnvenin tranziti sadəcə hava limanında və ya oteldə gözləmək deyil. Bu, sadəcə olaraq, müxtəlif bəhanələrlə ABŞ hökumət rəsmiləri, Konqres üzvləri ilə əlaqə yaratmaq, ABŞ və Tayvan arasında rəsmi əlaqələri saxlamaq və xaricdəki anti-Çin qüvvələrlə əlaqə yaratmaq cəhdidir”, - deyə Çju Fenlan bildirib.
Onun sözlərinə görə, Tsay İnven və Kevin Makkartinin görüşü "vahid Çin” prinsipinin, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması olacaq. O, əlavə edib ki, Çin danışıqların Tayvan boğazında sabitliyə və sülhə zərər verəcəyinə əmindir. "Biz buna qəti şəkildə qarşıyıq və cavab olaraq qətiyyətli addımlar atacağıq" – Çin rəsmisi xəbərdarlıq edib.
Xatırladaq ki, martın 29-da Tsay İnven ABŞ vasitəsilə Mərkəzi Amerikaya səfər edəcək. O, Tayvana qayıdarkən ABŞ-da da dayanacaq. İlkin məlumata görə, prezident Nyu York və Los-Ancelesə səfər etmək, ABŞ konqresmenləri ilə görüşmək niyyətindədir.
Nizami Bağırov
Şərhlər