Dünya 16:39 25.06.2022

Conson: Yalnız Ukraynaya görə istefa verə bilərəm

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya dəstək uğrunda məğlubiyyətə görə vəzifəsini tərk edə biləcəyini bildirib. Onun istefasına səbəb ola biləcək fundamental məsələlərdən biri də budur.

Bu barədə Qaynarinfo onun BBC radiosuna verdiyi açıqlamaya istinadən xəbər verir.

Belə ki, Böyük Britaniyanın Baş naziri jurnalistin hansı halların onu postunu tərk etməyə məcbur edə biləcəyi ilə bağlı sualına cavab olaraq belə bir bəyanatla çıxış edib.

"Əlbəttə, mən hesab edirəm ki, bu əxlaqla bağlıdır. Mənə desələr ki, Ukrayna məsələsindən əl çəkməliyik, çünki bu, artıq çox qəlizləşib və bu xalqı dəstəkləmək inflyasiya, iqtisadi zərər baxımından çox baha başa gəlir, onda etiraf edərdim ki, çox vacib mübahisəni uduzdum və istefa verərdim”, - Conson bildirib.

Eyni zamanda, o, hazırda hadisələrin belə inkişafı üçün ilkin şərtləri görmədiyini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək ifadə edən Avropa liderlərindən biridir.

O, bu yaxınlarda Britaniyanın Rusiya qoşunlarına qarşı əks-hücum əməliyyatı keçirmək üçün Ukraynaya silahla kömək edəcəyini bildirmişdi.

Eyni zamanda Conson G7 ölkələri və NATO liderlərini Rusiya ilə danışıqlar cəhdlərindən əl çəkməyə və Ukraynanı ultimatum şərtləri üzrə danışıqlara məcbur etməməyə çağırıb.

Nizami Bağırov