İdman 12:10 25.03.2023

“Daha təcrübəli qapıçıya şans verilə bilərdi” - De Byazinin seçiminin təhlili

Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirdi. Səfərdə Avstriyanın qonağı olan Canni De Byazinin komandası 1:4 hesablı məğlubiyyətə uğradı. İtalyan məşqçinin hansı heyətə güvənəcəyi oyundan əvvəl müzakirələrə səbə olmuşdu. Xüsusən də Şahruddin Məhəmmədəliyevin yoxluğunda qapıçı mövqeyindəki boşluq narahatedici məqam idi ki, De Byazi ilk oyunda gənc Yusif İmanova şans verdi. Bəs bu nə dərəcədə düzgün seçim idi?

Suallarımıza qapıçı məşqçisi Camaləddin Əliyevdən cavab aldıq. Təcrübəli mütəxəssis Qaynarinfo-ya açıqlamasında həm qapıçının, həm də millinin çıxışını dəyərləndirdi:

"Yusifin ikinci qolda səhvi oldu. Düzdür, müdafiəçi də səhv buraxdı. Amma qapıçı həmin zərbəni qaytarmalı idi. Top əlinin altından keçdi. İlk oyunda Avstriya kimi komanda ilə qarşılaşırdılar, bir az həyəcan vardı. Baxmayın, o, millidə heç bir oyunda çıxış etməmişdi. Birdən-birə ona belə oyunda qapını tapşırmaq… Bəlkə də təcrübəli qapıçı buraxsaydı, yaxşı olardı. O qapıçı əlbəttə, stresə düşəcək. Nə bilim, məşqçilər korpusunun seçimi idi. Bilmək olmaz ki, onun yerində başqa qapıçı olsa, belə səhvlər buraxacaqdı, ya yox. Yenə də bu oyunda De Byazi bir qədər təcrübəli qapıçıya şans verə bilərdi. Yoldaşlıq oyununda iştirak etsəydi, Yusifi daha rahatlıqla meydana buraxmaq mümkün idi. İstənilən halda ona dəstək verilməlidir. Birdəfəlik üstündən xətt çəkmək olmaz. Gənc qapıçıdı, yavaş-yavaş təcrübə toplayacaq. Beynəlxalq oyunlarda nə qədər çox oynasa yaxşıdır”.

"Bəs İmanovun hansı üstün cəhətləri var” sualına mütəxəssis belə cavab verdi:

"Hələ yeni başlayır. Azərbaycan çempionatında normal çıxış edir. Avropa yarışları başqadır. Orada təzyiq olur. Azarkeş amili var. Bəlkə də Kipr, Malta kimi yığmalarla qarşılaşsaydıq, o qədər problem olmazdı”.

Əliyev millinin çıxışı haqda da danışdı:

"İlk 15 dəqiqə ərzində yaxşı oynadılar. İkinci qoldan sonra, ümumiyyətlə, ruhdan düşdülər. Düzdür, şanslarımız da oldu. Onların qapıçısı bir təhlükəli məqamda topu kənara çıxardı. Bəlkə də qol olsaydı, oyun başqa cür keçəcəkdi”.

Səbuhi Həsənov