Dünya 15:31 28.03.2023

Daily Mail: Rusiya Olimpiadada komanda idman növlərinə buraxılmaya bilər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı idmançıların Parisdə 2024-cü ildə keçiriləcək Olimpiadada komanda oyunlarına buraxılmaması variantını nəzərdən keçirir. Bu, rusiyalıların neytral statusda yarışlarda iştirakının şərtinə çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail” tabloidi yazıb.

Daily Mail-in məlumatına görə, digər tədbirlərlə yanaşı, "müharibə cinayətlərində" günahkar olan idmançıların və Rusiya qoşunlarının Ukraynaya daxil olmasını fəal dəstəkləyənlərin iştirakına qadağa qoyulması nəzərdən keçirilir. Eyni zamanda, BOK-a məsləhət verən BMT eksperti bildirib ki, Rusiya ordusunun üzvü olanlar Ukraynadakı hərbi əməliyyatda iştirak etsələr belə, avtomatik olaraq yarışlardan kənarlaşdırıla bilməzlər.

Xatırladaq ki, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra BOK beynəlxalq federasiyalara rusiyalıları və belarusları yarışlardan kənarlaşdırmağı tövsiyə edib. 2023-cü ilin yanvarında BOK prezidenti Tomas Bax idmançıları 2024-cü il Olimpiadasına buraxmağa çağırıb. Onun sözlərinə görə, idmançıların pasportlarına görə xaric edilməsi "Olimpiya Xartiyasının dəyərlərinə və missiyasına uyğun gəlmir”. Bir sıra ölkələr bu təşəbbüsə qarşı çıxıb.

Nizami Bağırov