Səbuhi Həsənov
İdman 09:06 28.07.2022

De Byazi üçün motosiklet

Futbolun dünyada necə populyar bir idman növü olduğunu hər kəs bilir. Milyonlarla azarkeşə malik, uşaqdan böyüyə qədər, dünyada mövcud olan insanların böyük əksəriyyətinin maraq göstərdiyi bu idman növü müasirləşdikcə, sevənlərinin də sayı artmaqda davam edir. Təbii ki, belədə Avropa və dünya çempionatlarının keçirilməsinin futbol bayramı kimi qəbul olunması təəccüblü deyil. Dünyada hər kəsin azarkeşlik etdiyi, sevdiyi bir komanda var və belə qitəmiqyaslı turnirlərdə onun qalib olmasını arzulaması da bizləri təəccübləndirməməlidir.
 
Ancaq təəssüf ki, AFFA-nın Azərbaycan millisi belə turnirlərdə üzümüzü güldürə bilməyib. Klub futbolunda az-çox "Qarabağ”ın hesabına özümüzə təsəlli verib dururuq. Ancaq nə vaxtsa milli səviyyəsində inkişaf etməyə, vətənimizin təmsilçisinin Dünya və Avropa çempionatlarının final mərhələsində ən azı bir dəfə görməyə, inamsız olsaq da, ümidlər bəsləyirik. Bu xəyalların isə nə vaxt gerçəkləşəcəyini bilmədiyimiz üçün ümidlərimiz gündən-günə incəlir, qırılır. Bəs niyə bizimkilər istənilən səviyyədə oyun göstərə bilmir? Bu sualın cavabı elə uzundur ki, yazdıqca ömrümüz bitər, amma konkret cavab tapmaq mümkün olmaz. Əslində mümkündür, sadəcə, bu haqda fikirləşməli olanların əvəzinə biz düşündüyümüz, amma nəyisə dəyişə biləcək səlahiyyətimiz, hər hansı bir vəzifəmiz olmadığı üçün yazılanlar sadəcə, kağız üzərində, ya da müasir dillə desək, hansısa internet səhifəsində qalır. Bəs necə edək? İllərdir çıxış yolu axtarılır, deyilir, məsləhət görülür, amma ortada nəticə yoxdur. 

İnternetdə "gəzişirdim”, birdən qarşıma maraqlı idman növü çıxdı - "Motosikletdə futbol”. Aşağıdakı fotoya baxanda necə bir oyun olduğunu təxmin edə bilərsiniz. Əslində, qədim olsa da, populyar deyil. Futbol çoxşaxəlidir, qolları var - futzal, minifutbol, çimərlik futbolu və sair. Motosikletdə futbol isə nadir rast gəldiyimiz idman növlərindəndir. Bəlkə də bu növ üzrə beynəlxalq səviyyəli yarışlar belə yoxdur, ya da əksinə. Ya da müəyyən azsaylı ölkələrdə təşkil edilmiş yarışlar ola bilər. Baxdım, maraqlı gəldi. Deməli, oyunçular motosiklet üzərində topu ayaqlarında saxlamağı və rəqib qapıya tərəf aparmağı bacarırlar. Təbii ki, xüsusi hazırlanmış meydançada nəqliyyat vasitələrindən istifadə edildiyinə görə hücumlar çox sürətli alınır. Bu idman növünün maraqlı tərəflərindən biri odur ki, qapıçılarda nəqliyyat vasitəsi olmur. Yəni, onlar normal futboldakı kimi zərbələrin qarşısını almaq üçün yalnız bədən üzvlərindən istifadə etmək hüququna malikdirlər. Dərhal millimiz yadıma düşdü. Daha doğrusu, italyan mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi komandamızı həmin qapıçılara bənzətdim. Millətlər Liqasındakı durumumuza baxanda beynimdə həmin motosikletçi-futbolçuların qarşısına nəqliyyat vasitəsi olmadan çıxan bir komanda obrazlaşdı. İndi təsəvvür edin həmin komandanın vəziyyətini. Eynilə millimizə bənzəyir. Bu səbəbdən düşünürəm ki, meydana çıxanda AFFA komandanın hər bir üzvünə motosiklet hədiyyə etsin. Bəlkə belədə müdafiə futbolundan qurtulub normal şəkildə rəqib qapısına hücum edə bilərik. Hərçənd meydanda nisbətən güclü rəqiblə qarşılaşanda ayaqları sözlərinə baxmayan futbolçularımızın motosikleti necə idarə edəcəyi sual doğursa da, bunu öyrənmək heç vaxt gec deyil. Sentyabrda növbəti matçımız Slovakiyaya qarşı olacaq. Hələ ki, bu matça qədər vaxt var, bir qədər cəhd göstərsələr, məncə alınar.

Hə, millimizlə yanaşı AFFA-nın De Byaziyə də motosiklet hədiyyə etməsini istərdim. Özü də futbolumuz üçün etdiklərinə hörmət əlaməti kimi təmiz italyan istehsalı, "Di Blasi” markalı motosikletlərdən (fotodakı). Elə məşqçi ilə markanın adında da oxşarlıq var. Minər, sürüb gedər… Olan-qalan futbolumuz əldən getməmiş.
 
Motosikletdə futbol 



 
Di Blasi 

 

Səbuhi Həsənov